Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər
Siyasət

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Milli Məclisin sədri Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycandakı səfiri Ali Salem Nasir ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Respublika"ya bildirilib ki, görüşdə ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən danışılıb, siyasi münasibətlərin yaxşı səviyyədə olduğu qeyd olunub. Vurğulanıb ki, ikitərəfli əlaqələrin digər sahələrdə də inkişafı üçün geniş imkanlar mövcuddur.

Bildirilib ki, Azərbaycan və Liviya beynəlxalq təşkilatlar çərçivəsində də bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər. Həm işğal dövründə, həm də işğaldan sonra Liviya daim ölkəmizin ərazi bütövlüyünə dəstək verib.

Görüşdə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlığın yüksək səviyyəsindən razılıq ifadə olunub. Liviya tərəfinin Qoşulmama Hərəkatı çərçivəsində keçirilən görüşlərdə yüksək səviyyədə təmsil olunması məmnunluqla qeyd olunub.

Söhbət zamanı parlamentlərimiz arasında da əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə də əlaqələrin dərinləşdirilməsi üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Diqqətə çatdırılıb ki, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm mexanizmlərdən biri də Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsidir. Sahibə Qafarova Parlament Şəbəkəsinin fəaliyyəti haqqında diplomata məlumat verib.

Görüşdə Ali Salem Naser 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. O, səfir kimi fəaliyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib. Diplomat Azərbaycanın həm Qoşulmama Hərəkatına sədrliyi dövründə, həm də digər mühüm beynəlxalq təşkilatlarda fəaliyyəti çərçivəsində həyata keçirdiyi mühüm tədbirlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.