İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləş üzrə milli komandamız çempion olub

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə 17 yaşlılar arasında Avropa çempionatı başa çatıb. Azərbaycanın güləş üzrə yığması Çempionatı uğurla başa vurub. Yığmanın tərkibində yer alan 10 idmançıdan 9-u ümumilikdə 3 qızıl, 2 gümüş, 4 bürünc qazanıb. Bu nəticə ilə Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-17 yunan-Roma güləşi üzrə yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub. Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb. Yarışın üçüncü günündə yunan-Roma güləşçilərindən Səid Paşayev (92 kiloqram) serbiyalı rəqibi üzərində inamlı qələbə qazanıb və baş mükafata yiyələnib. Daha öncə də Turan Daşdəmirov (51 kiloqram), Ayxan Cavadov (60 kiloqram) Avropa çempionu tituluna yiyələnib. Əmrah Əmrahovla (48 kiloqram) Yusif Əhmədli (71 kiloqram) gümüş, Nicat İsgəndərli (45 kiloqram), Əli Nəzərov (55 kiloqram), Orxan Hacıyev (80 kiloqram) və Mikayıl İsmayılov bürünc medal qazanıb.

VIII "Asiya Uşaqları" Oyunlarında samboçumuz ilk medalı qazanıb

Rusiya Federasiyasının Saxa Respublikasında keçirilən "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunları çərçivəsində sambo üzrə yarışlara start verilib. Ölkəmizi idmançılarımız Yusif Hüseynov (49 kq), İbrahim Talıbov (53 kq), Raul Xəlilov (64 kq) və Səccad Cabarlı (79 kq) təmsil edirlər. 53 kiloqram çəki dərəcəsində yarışan İbrahim Talıbov yarımfinalda yerli samboçu İvan Lapuşkina məğlub olub. O, bürünc medal uğrunda mübarizədə digər yerli idmançı Viktor Valova qalib gələrək yarışı üçüncü pillədə başa vurub.

İki boksçumuz yarımfinalda

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində iki boksçumuz yarımfinala yüksəlib. Yarışın dördüncü günündə mübarizə aparan Aylin Nəzərova (48 kiloqram) 1/4 final mərhələsində 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinalda italiyalı Giorgia La Rosa ilə üz-üzə gələcək. 52 kiloqramda çıxış edən Əminə Tağı da 1/4 final mərhələsini uğurla başa vurub. O, növbəti döyüşündə rumıniyalı Maria Semeniçiuçlə qarşılaşacaq. Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər.

Taekvondoçularımızın uğurları

Azərbaycan taekvondoçuları Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında 4 medal qazanıblar. 48 kiloqram çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli gümüş, Ziya Həsənli (55 kq) bürünc, Vasif Səlimov (63 kq) qızıl medala sahib çıxıb. Qız taekvondoçular arasında isə 63 kiloqram çəki dərəcəsində yarışan Fatimə Həsənova yarışı 3-cü yerdə bitirib.

Nərgiz İSMAYILOVA,

"Respublika".