Azərbaycanın bərpaolunan enerji layihələrinə beynəlxalq dəstək
Siyasət

Azərbaycanın bərpaolunan enerji layihələrinə beynəlxalq dəstək

"Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik". Bu fikirləri Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bildirib.

Bərpaolunan enerjidən istifadə məsələsinə ölkəmizdə də böyük önəm verilir. Alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin təmin edilməsi istiqamətində layihələrin reallaşdırılması 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan enerji siyasətinin davamıdır.

Prezident İlham Əliyevin energetika sahəsində həyata keçirdiyi dövlət siyasəti Azərbaycanın hərtərəfli inkişafının təmin edilməsində mühüm rol oynayır. 2003-cü ildən ölkəmizdə elektrik enerjisi istehsalında həm ənənəvi, həm də alternativ və bərpaolunan mənbələrdən istifadə olunur, ən qabaqcıl texnologiyalar uğurla tətbiq edilir.

Bu gün bütün dünyada qeyri-ənənəvi enerji mənbələrinin iqtisadi və texniki cəhətdən daha səmərəli istifadə mexanizmlərinin axtarışı istiqamətində araşdırmalar aparılır. Bu mənbələrə günəş, külək, geotermal enerji, biokütlə və dünya okeanı enerjisi aiddir. Son illər qeyri-neft sektorunun inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Dövlət proqramlarına uyğun olaraq irimiqyaslı respublika əhəmiyyətli və regional infrastruktur layihələri həyata keçirilir. Həmçinin son illər energetika sahəsində suyun, küləyin və günəşin potensialından istifadə tendensiyası güclənib. Bu tendensiya dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılmasından sonra artıq dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilib. Bu baxımdan, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək üçün ölkə ərazisində kiçik hidroelektrostansiyaların tikintisi üzrə layihələr icra edilir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin istifadəyə verilməsi dövlət başçısı İlham Əliyevin inkişaf siyasətinin məhz innovativ yönümlü olduğunu bir daha təsdiq edir. 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir. Bu da ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.

Mərkəzin açılış mərasimində ölkə başçısı deyib: "Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Çünki bu, müasirlikdir, yenilikdir, yeni texnologiyadır... Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm, - ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik. Buraya böyük investisiyalar qoyulubdur".

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın Xəzərdəki enerji potensialını 157 min meqavat həcmində təsdiqləyib. Ötən ilin oktyabrında ilk Günəş Elektrik stansiyası istismara verilib. Bu istiqamətdə işlər davam etdirilir, "yaşıl enerji"yə keçidin təmin edilməsi əsas hədəf kimi qarşıda dayanır.

Bəli, Xəzər sahilinin, dağlıq bölgələrimizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin təbiəti külək enerjisi layihələrinin həyata keçirilməsi üçün geniş imkan yaradır. Günəş enerjisindən istifadəyə də ölkənin bir çox yerlərində əlverişli təbii şərait var. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji"yə geniş yer verilməsi müəyyənləşdirilib. Belə ki, enerji istehsalı gücündə bərpaolunan enerjinin payının indiki 17,3 faizdən 2030-cu ildə 30 faizə çatdırılması qarşıda dayanır. Beynəlxalq enerji şirkətləri ölkəmizin bu məqsədini dəstəkləyir, bu sahədəki planlarımızın həyata keçirilməsinə maraq göstərirlər. Bütün bunlar isə Azərbaycanın - COP29 yoluna yaşıl işıq yandırır.

Məlumdur ki, indiyədək Səudiyyə Ərəbistanı, Yaponiya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin enerji şirkətləri ilə müəyyən layihələrlə bağlı müqavilələr imzalanıb, danışıqlar aparılıb, razılaşmalar əldə olunub. Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələri, o cümlədən energetika sahəsində mövcud əməkdaşlıq münasibətləri formalaşır. İki ölkə arasında mövcud əməkdaşlığın "yaşıl enerji" sahəsində genişləndirilməsi perspektivləri ətrafında fikir mübadilələri davam etdirilir. Azərbaycanla bu sahədə əməkdaşlıq etmək istəyənlərin sayı isə durmadan artır. Bu isə səbəbsiz deyil. Dövlət başçısı bununla bağlı deyib: "Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdəki sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda güclü enerji potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir".

Bir sözlə, xarici şirkətlərin ölkəmizdə "yaşıl enerji" layihələrində iştirak etməsi üçün real şərait var.

Zümrüd QURBANQIZI,

"Respublika".