“İkitərəfli mexanizm
Siyasət

“İkitərəfli mexanizm" təklifinin görünməyən üzü - “beynəlxalq nəzarət”

Cənubi Qafqazda yekun sülhün əldə olunması ilə bağlı mesajların verildiyi dövrdə Azərbaycan və Ermənistanın şərti sərhədində atəşkəsin pozulması qeydə alınır. Yaranan ziddiyyətli vəziyyət isə bir sıra iddiaların meydana gəlməsinə səbəb olur. Erməni siyasətçilər atəşkəs rejiminin davamlı şəkildə pozulmasını düşünülmüş planın tərkib hissəsi adlandırırlar. Bildirirlər ki, təxribatlar anklav kəndlərə görədir. Onların fikrincə, rəsmi Bakı və İrəvan vəziyyətdən demarkasiya işlərini sürətləndirmək üçün istifadə edirlər. Amma baş nazir Nikol Paşinyanın çıxışına nəzər salanda görürük ki, bu iddiaların əsası yoxdur. Hökumət rəhbəri Azərbaycana atəşkəsin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırmağı təklif edib. Buradan belə nəticə çıxır ki, Ermənistan sərhəd boyu yerləşdirdiyi qüvvələrə nəzarət edə bilmir. Bundan öncə atəşkəsi pozan hərbçiləri cəzalandırması da bu fikri gücləndirir. Amma hadisələrin xronoloji ardıcıllığına nəzər salanda aydın olur ki, sərhəddə atəşkəsin pozulmasında əsas məqsəd Ermənistanın təklif etdiyi "mexanizm"in yaradılmasına zəmin formalaşdırmaqdır.

Ermənistan "ikitərəfli mexanizm"in yaradılmasını təklif etsə də, Paşinyanın açıqlamasındakı "beynəlxalq ictimaiyyətin də həqiqi vəziyyəti anlaması üçün fürsət yaranacaq" cümləsi məsələnin mahiyyətinin fərqli ola biləcəyinə işarə edir. Belə bir ssenari ortaya çıxır ki, rəsmi İrəvanın əsl niyyəti beynəlxalq diqqəti sərhəddəki hadisələrə yönəltməkdir. Əslində bu, yeni məsələ deyil. Belə bir təklif rəsmi İrəvandan Bakıya hələ Qarabağ işğalda olduğu vaxt - Serj Sarkisyanın hakimiyyəti dövründə, 2016-cı ildə də edilib. Həmin dövrdə atəşkəsə nəzarət mexanizmini təmas xəttində yaratmaq istəyiblər. Mexanizm planını isə Amerika Erməni Milli Komitəsinin yaratdığı "Ermənistana dəstək qrupunun" üzvləri irəli sürüblər. Məqsəd təmas xəttinə beynəlxalq nəzarətlə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün mümkün hücumların qarşısını almaq idi. Həmin vaxt ABŞ da bölgədəki təsir imkanlarını gücləndirmək üçün Qarabağda "atəşkəsə nəzarət mexanizmi"nin qurulmasında maraqlı idi. Paşinyanın indi sərhəddə yaradılmasını təklif etdiyi "mexanizm" də sözügedən ideyaya bənzəyir. Sərhəddə atəşkəsin pozulması və Paşinyanın təklif irəli sürməsinin O`Braynın İrəvan səfərindən sonraya təsadüf etməsi də bu kontekstdə diqqət çəkir. Digər tərəfdən, Paşinyanın sərhəd təklifinə Avropa İttifaqından da dərhal dəstək gəlib. Qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, bu, alqışlanmağa layiq təklifdir. Diplomat, həmçinin vurğulayıb ki, alyans bu sahədəki təcrübəsini tərəflərlə bölüşməyə hazırdır. O, 15 ilə yaxındır Gürcüstanda fəaliyyət göstərən monitorinq missiyasını da nümunə göstərib. Qərbdən gələn bu reaksiya isə ona işarə edir ki, "ikitərəfli mexanizm"ə sonradan "beynəlxalq nəzarəti" əlavə etmək planı bağlı qapılar arxasında müzakirə olunub.

Buradan aydın olur ki, məqsəd "ikitərəfli mexanizm"in yaradılması deyil, beynəlxalq mexanizm adı altında Qərbin bölgəyə yerləşməsidir. Amma nəzərə almalıyıq ki, şərti sərhəd boyunca onsuz da Avropa İttifaqının mülki missiyası yerləşdirilib və onlar atəşkəsin pozulmasına reaksiya vermirlər. Bu halda mümkün beynəlxalq nəzarət planının da effektivliyi sual altına düşür. Üstəlik, əgər rəsmi İrəvan Qərbin bölgəyə cəlb olunmasını istəyirsə, Azərbaycanın da müxtəlif oyunçuların prosesə qoşulması tələbinə hazırlıqlı olmalıdır. Əgər Avropa İttifaqının nümayəndəsi Toyvo Klaar nəzərdə tutursa ki, həmin bölgəyə hərbçilər yerləşdirilməlidir, bu, Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvü olan Türkiyəyə məxsus ola bilər. Çünki sözügedən ölkə həm coğrafi olaraq Cənubi Qafqaza yaxındır, həm də ikili siyasətdən xeyli uzaqdır. Buna görə də ciddi ehtiyac yaranacağı təqdirdə, bölgəyə türk hərbçilərin yerləşdirilməsi uğurlu addım hesab oluna bilər.

İstənilən halda beynəlxalq nəzarətin tətbiq edilməsi sərhədin SSRİ dağılanda mövcud olan xəritələrə uyğun delimitasiya edilməsini istəyən Ermənistana sərf edir. Çünki bu halda keçmişdə ermənilərə bağışlanan ərazilərin gündəmdən çıxması perspektivi yarana bilər. Bu səbəbdən də rəsmi Bakının həmin təkliflə razılaşması real görünmür. Amma İrəvanın "mexanizm" təklifini gündəmdə saxlamaq üçün sərhəddə atəşkəsin pozulmasını intensivləşdirməsi də istisna deyil.

Jalə QASIMZADƏ,

"Respublika".