Səmimi dostluq və strateji tərəfdaşlıq
Siyasət

Səmimi dostluq və strateji tərəfdaşlıq

Azərbaycanla İtaliya arasında genişlənən əlaqələrdə yeni səhifə açılır

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir. Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Xüsusilə bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilən İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələr inkişaf edir. İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənmişdir.

Silahlı Qüvvələr Günü - iyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub. Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, "Leonardo" şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər. Təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. "C-27J Spartan" tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq. İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd edib. Dövlət başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq təqdim olunan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Bu il Azərbaycanda keçiriləcək COP29-a hazırlıqla bağlı Azərbaycan və İtaliyanın sıx təmasda olduğunu vurğulayıb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin sonunda tam istismara verilmiş Cənub Qaz Dəhlizi ölkəmizin Avropanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib. Son illərdə TAP, Trans-Adriatik Qaz Boru Kəməri sayəsində ölkəmiz xam neft tədarükçülərindən və əsas qaz təchizatçılarından birinə çevrilib. Əsrin ən mühüm infrastruktur layihəsi olan Cənubi Qaz Dəhlizinin istifadəyə verilməsi Azərbaycanla Avropa İttifaqını daha da yaxınlaşdıran komponent kimi dəyərləndirilir. Bu layihə həm də Xəzərin Azərbaycan sektorundan "Şahdəniz-2" yatağından İtaliyaya qədər uzanır. İtaliyanın Avropa İttifaqının, NATO-nun üzv dövləti, eyni zamanda Fransa, Avstriya, İsveçrə və Sloveniya kimi dövlətlərlə qonşu olmasını nəzərə alsaq, bu strateji əməkdaşlığı Azərbaycanın yaxın gələcəkdə maraqlarının təminatına dəstək mexanizmi kimi qiymətləndirə bilərik. İtaliya Azərbaycanla strateji tərəfdaşlığını sübut etmək üçün müvafiq addımlar atır. Belə ki, Vətən müharibəsi dövründə İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirib və ölkə mediası Azərbaycanla bağlı məsələlərdə obyektiv yanaşması ilə seçilib. Xüsusən 2020-ci ilin İtaliyada "Azərbaycan ili" elan olunması Azərbaycana və Prezident İlham Əliyevə xüsusi etimadın göstəricisi idi.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin də sübut etdiyi kimi, hər iki ölkə ticarətdən tutmuş mədəniyyətə qədər bütün sahələrdə fəal əməkdaşlıq edir. Bu baxımdan, 2018-ci ilin iyulunda Prezident Sercio Mattarellanın Bakıya tarixi dövlət səfərini xatırlamaq olar. Bu səfərdən sonra İtaliyaya eyni dərəcədə əhəmiyyət daşıyan iki tarixi səfər - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2018-ci ilin sentyabrında həyata keçirdiyi ilk institusional xarici səfəri və daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya ilk dövlət səfəri baş tutub. Əlaqələrin müsbət dinamika ilə inkişafında ölkə başçısının İtaliyaya işgüzar səfərinin xüsusi rolu olub. Həmin səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edir. İmzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" müstəsna əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə reallaşdırılıb və eyni zamanda Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə həyata keçirilib. Ölkə başçısının İtaliyaya budəfəki səfəri sayca yeddinci olub. Dövlət başçısı İlham Əliyev İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda plenar iclasında çıxışında ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasından, dövlətimizin enerji strategiyasının mərhələlərindən geniş bəhs edərək gerçəkləşdirilən layihələrlə dünyanın enerji xəritəsini dəyişdirdiyimizi xüsusi vurğulayıb. Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılması ilə əlaqədar sənədin təqdim edilməsi, İtaliyada Azərbaycan səfirliyinin yeni binasının istifadəyə verilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Bir sözlə, Prezident İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə qaldırıb. Hazırda Bakıda İtaliya-Azərbaycan Universiteti üçün yeni müasir bina və təhsil kompleksi inşa edilir.

Ötən il fevralın 13-də "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev tərəfindən də İtaliya ilə tərəfdaşlıq əlaqələrinə xüsusi diqqət edilib. İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. Çünki İtaliya bizim həm də strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Azərbaycan əməkdaşlığın yeni mərhələsi kimi İtaliya ilə "yaşıl kimya", "yaşıl enerji", "yaşıl enerji zonası", "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsasında sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki ölkənin siyasi və iqtisadi maraqlarını təmin edir, eyni zamanda Azərbaycan üçün geosiyasi üstünlüklər qazandırır. Avropanın enerji təhlükəsizliyində rol almaq Azərbaycanın müstəqil siyasi xəttinin daha da güclənməsinə xidmət edir.

Vətən müharibəsindən sonrakı dövrdə bölgədə davamlı sülhün, sabitliyin qorunması, habelə işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində İtaliya şirkətlərinin yaxından iştirakını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirmək olar. Belə ki, Bakı şəhərində Zəfər Muzeyinin, eləcə də azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeylərinin, habelə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində tarixi abidələrimiz və dağıdılmış məscidlərimizin bərpa və inşası ilə bağlı İtaliya şirkətləri aktiv fəaliyyət göstərirlər. İki ölkə arasında mədəniyyət və humanitar fəaliyyət sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Heydər Əliyev Fondunun İtaliyada icra etdiyi layihələr və tədbirlər iki ölkə xalqları arasında mədəniyyət sahəsində əlaqələrin və təmasların inkişafına böyük töhfə verir. Ətraf mühit və iqlim dəyişmələri sahəsində də uğurlu əməkdaşlıq var. Abşeronda neftlə çirklənmiş torpaqların qiymətləndirilməsi və inventarlaşdırılmasında İtaliya şirkətləri işləyib. İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin təqdim olunması məmnunluq yaratmaqla, müdafiə sahəsində iki ölkə arasında əlaqələrin daha da inkişafına stimul verir.

Mustafa KAMAL,

"Respublika".