Orta Dəhlizin cəlbediciliyi artır
Siyasət

Orta Dəhlizin cəlbediciliyi artır

Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımalarının artırılmasına xidmət göstərən Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu nəqliyyatı sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb. Daha sonra layihə genişlənib və Ukrayna, Rumıniya və Polşa iştirakçı qismində layihəyə qoşulub. Çindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyə və Qara Dəniz boyunca Avropaya uzanır. Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut olmaqla yanaşı, həm də təhlükəsizliyi ilə diqqət çəkir.

Bir müddət əvvəl Brüsseldə Avropa İttifaqının Çindən Avropaya yükdaşımalar üçün Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçən nəqliyyat dəhlizinin inkişafına 10 milyard avro həcmində vəsait ayırması da təsadüfi deyil. Rusiya-Ukrayna müharibəsi və Qırmızı dənizdə gəmilərin hərəkətinə yaranan məhdudiyyətlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun önəmini daha da artırıb. Geosiyasi təlatümlərin baş verdiyi bir vaxtda deyə bilərik ki, Azərbaycanın önəmi nəqliyyat-logistika sahəsində günbəgün artır. 2022-ci ildə Bakı Dəniz Limanından daşınan yüklərin həcmi 6,3 milyon, ötən il isə 7,3 milyon ton təşkil edib.

Bu il isə məqsəd 8 milyon tonu keçməkdir. Buna imkan da var. Limanın ümumi yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması üçün yeni terminalların istifadəyə verilməsi nəzərdən keçirilir. Onlardan biri Bakı limanında tikintisi tamamlanan və sınaq mərhələsindən uğurla keçən gübrə terminalıdır. Ümumiyyətlə, terminalın yükaşırma qabiliyyəti 2 milyon tondan çoxdur. Limana Orta Asiya ölkələrindən, o cümlədən Qazaxıstan və Türkmənistandan kükürd, karbamid, eyni zamanda amonium, nitrat və digər gübrələrin gətirilməsi nəzərdə tutulur.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib və görülən tədbirlər sayəsində bu konteynerlərin Gürcüstan limanlarına çatması cəmi 12 gün çəkib. Əvvəllər isə bu yükdaşımaların müddəti 40-50 günə bərabər olub.

Orta Dəhlizin üstünlüklərindən biri də Çindən Avropaya uzanan marşrut boyunca "bir pəncərə" prinsipinin tətbiq olunmasıdır. Məhz bu amillər daşıma şirkətləri üçün Orta Dəhlizi daha da cəlbedici edir.

Qeyd edək ki, ötən illər ərzində Orta Dəhlizlə iştirakçı ölkələr bir sıra sazişlər imzalayıblar. 2023-cü il oktyabrın 28-də Gürcüstan və Qazaxıstan Orta Dəhlizin inkişafı və səmərəliliyinin artırılması ilə bağlı saziş imzalayıb. Müqaviləyə əsasən dəhliz üzrə infrastrukturun inkişafı və nəqliyyat daşımalarının səmərəliliyinin artırılması istiqamətində yeni tədbirlər müəyyən edilib. Bu, həmçinin dəmir yolunda təhlükəsizliyi artıracaq, qlobal ticarət və nəqliyyatda Gürcüstan və Qazaxıstanın gələcək mövqelərinə müsbət təsir göstərəcək. Tədbirdə bildirilib ki, 2022-2027-ci illər üçün Yol Xəritəsi 2022-ci il noyabrın 25-də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məqsədilə Gürcüstan, Qazaxıstan və Azərbaycan nümayəndələri arasında Aktauda keçirilən görüşdə imzalanıb.

Orta Dəhlizin mühüm halqalarını təşkil edən Azərbaycan və Qazaxıstan marşrutun əsas iştirakçıları kimi bir-biriləri ilə sıx əməkdaşlıq edirlər. Bu ilin may ayında ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevlə birgə Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 12 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb. Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından ötən aylarda Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən bu mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları "Track and Trace" ("Təqib və izləmə") funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını, cəlbediciliyini getdikcə artırır.

Orta Dəhlizin inkişafına şərait yaradacaq digər bir amil isə gələcəkdə Zəngəzur dəhlizinin açılması olacaq. Bu layihə beynəlxalq aləm tərəfindən də dəstəklənir. Orta Dəhlizin Zəngəzur seqmentinin açılması Qərbin iqtisadi və logistik maraqlarına cavab verir. Mütəxəssislərin fikrincə, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda avtomobil və dəmir yollarının yenidən qurulmasına böyük həcmli sərmayələr qoyur. Əsas hədəflərdən biri də Şərqi Zəngəzur iqtisadi rayonundan Türkiyəyə nəqliyyat kommunikasiyasının yaradılmasıdır. Qardaş ölkə ilə yaradılacaq bu əlaqə nəqliyyat-logistika sektorunun inkişafına kömək edəcək və Orta Dəhlizin tərkib hissəsi olacaq.

Musa BAĞIRLI,

"Respublika".