Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumunda “Azərbaycanda mühəndisliyin inkişafı: Çağırışlar və perspektivlər” mövzusu müzakirə olunub
Diaspora

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumunda “Azərbaycanda mühəndisliyin inkişafı: Çağırışlar və perspektivlər” mövzusu müzakirə olunub

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işini “Azərbaycanda mühəndisliyin inkişafı: Çağırışlar və perspektivlər” mövzusunda panel iclası davam etdirib.

Berlində yaşayan soydaşımız, Berlin Tibb Məktəbi və Berlin Biznes Məktəbinin Sistem Administratoru Rauf Abdullayevin moderatoru olduğu panel iclasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Almaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin üzvü, mühəndis, texnika elmləri doktoru, Siemens Enerji şikətində Yaşıl Enerji Texnologiyaları üzrə Elmi Texniki bölmənin rəisi dr.Yaşar Musayev, MSEnergy GmbH şirkətinin rəhbəri Paşa Nağıyev və başqaları iştirak ediblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, forumda Almaniyada və digər ölkələrdə görüləcək işlər ilə bağlı fikir mübadiləsi aparılıb, elmi-texnoloji diasporun təsir dairəsinin genişləndirilməsi məsələsi müzakirə olunub. İştirakçılar dünyanın aparıcı texnoloji mərkəzlərində çalışan azərbaycanlıların ölkəmizə təcrübə mübadiləsinə, tədqiqatlara dəvət olunmasının, onların yaratdıqları şirkətlərinin rezident kimi cəlb edilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Qeyd edək ki, müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi vurğulanıb. Forumun “COP29” tədbiri ərəfəsində təşkili, azərbaycanlı mütəxəssislərin bu mötəbər tədbirlə bağlı müzakirələr aparmasına və müvafiq təkliflərin ümumiləşdirilməsinə imkan yaradıb.

“Respublika”.