İqtisadi gücün təməli – birgə əməkdaşlıq
İqtisadiyyat

İqtisadi gücün təməli – birgə əməkdaşlıq

Azərbaycan son illərdə bir çox mötəbər tədbirlərə evsahibliyi edib. Bu günlərdə paytaxtda BMT-nin 1998-ci ildə Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün yaratdığı Xüsusi Proqramı – SPECA həftəsi keçirilir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan SPECA Proqramının iştirakçılarıdır. Ölkəmiz 2002-ci ilin noyabr ayında Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında Proqrama üzv qəbul edilib. Həmin dövrdən Azərbaycan digər iştirakçı dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurub, iqtisadi-ticarət əlaqələrini daha da genişləndirib. SPECA ölkələrinin okeana çıxışının olmaması onların nəqliyyat infrastrukturunun və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradıb. Bu baxımdan, ölkəmizin Proqramda xüsusi yeri var. Orta Dəhlizin mövcudluğu, Azərbaycanın dəhlizin səmərəliliyini və davamlılığını təmin edən əsas katalizator rolunda çıxış etməsi şübhəsiz ki, danılmaz faktdır. Bu cəhətdən ölkəmizin Proqrama 21 illik üzvlüyü mühüm əhəmiyyət kəsb edir.

Mütəmadi keçirilən görüşlərdə qarşılıqlı maraqlar əsasında qurulan əlaqələr xüsusi müzakirə mövzusudur. Ölkəmiz bu günə qədər Proqrama üzv olan ölkələrlə bir çox sənədlər imzalayıb. Burada iki və daha artıq tərəflərin iqtisadi gücü nümayiş etdirilib. 2022-ci ildə Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 3,6 dəfə artaraq 1,3 milyard dollara çatıb. Bu ilin ilk on ayında isə həmin göstərici 1,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 16 faiz çoxdur. Bundan başqa, ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk 10 ayında Azərbaycanın proqram iştirakçısı olan ölkələrə ixracı təxminən 82 faiz artıb. Ölkəmiz Özbəkistan və Qırğızıstanla birgə investisiya qurumları da yaradıb. Həmçinin digər üzv ölkələrlə birgə investisiya fondlarının yaradılması ikitərəfli əməkdaşlığın şaxələndirilməsinə töhfə verə bilər.

Azərbaycan hazırda Proqrama sədrlik edir. Noyabrın 21-dən başlayaraq Proqramın silsilə görüşləri keçirilir. "SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi" mövzusunda keçirilən İqtisadi Forumda proqram iştirakçısı olan dövlətlərin davamlı iqtisadi inkişafı üçün rəqəmsal transformasiya, təchizat zəncirindəki problemlərin aradan qaldırılması, gender bərabərliyinə tam nail olunması, "yaşıl" iqtisadiyyata keçidin sürətləndirilməsi və digər məsələlərə diqqətin artırmasının vacibliyi vurğulanıb. Həmçinin qeyd edilib ki, SPECA Fondunun yaradılması üzərində iş aparılır. Həmin fonda daxil olacaq vəsait Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına yönəldiləcək. Görüşdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan nümayəndələri SPECA çərçivəsində əməkdaşlıq, iqtisadi və investisiya potensialı, müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Növbəti gün Prezident İlham Əliyev SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən "SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərginin açılışında iştirak edib. Sərgidə SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Azərbaycan Milli Stendinin mərkəzində "Made in Azerbaijan" markası ilə istehsal olunan məhsullar yer alır. Sərginin İqtisadi inkişaf blokunda ölkəmizin zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modeli, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər, iqtisadi-ticari əlaqələrə dair məlumatlar əksini tapıb. Həmçinin burada ölkə iqtisadiyyatının yüksəlişini göstərən videoçarx da nümayiş edilib. Orada bildirilib ki, bu illər ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalı (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, yəni ÜDM-in real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri isə 2002-ci ildə olduğu 0,9 milyard dollardan 20 dəfədən çox artaraq 18,01 milyard dollara yüksəlib.

Sərgidə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyanın, dayanıqlı inkişafın təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və başqa istiqamətlərdə həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir. Məqsəd iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Noyabrın 23-də isə Rəhbər Şuranın 18-ci iclası keçirilib. Görüşdə Proqrama daxil olan ölkələr arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyi, ticarət dövriyyəsinin artdığı, region ölkələri arasında inteqrasiya prosesinin sürətləndiyi vurğulanıb. Həmçinin burada 2023-cü il SPECA İqtisadi Forumunun nəticələri, SPECA Sammitinin keçirilməsi, SPECA üzrə BMT Baş Assambleyasının qətnaməsi, SPECA Nizamnaməsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib. Tədbirdə 2023-cü il SPECA Rəhbər Şurasının qərarları, İqtisadi Forumun yekun sənədi, nizamnaməsinə dəyişikliklər qəbul edilib, Proqramın işçi qruplarının 2024-2025-ci illər üzrə iş planı təsdiq olunub. Növbəti dövr üçün sədrliyin ölkəmizdən Tacikistana keçəcəyi bildirilib.

Noyabrın 24-də SPECA həftəsi çərçivəsində proqramın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü olub. Sammitdə Proqrama üzv olan ölkələrin prezidentləri ilə yanaşı, Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edib. Görüşdə BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis edildiyi açıqlanıb. Ölkə başçımız bildirib ki, Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.

Proqrama üzv ölkələr müstəqil daxili və xarici siyasəti olan dövlətlərdir. Digər üzvlərlə yanaşı, respublikamızda güclü investisiya imkanları mövcuddur. Bunun nəticəsidir ki, Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Son 20 ildə valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyib, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Qeyd edək ki, görüşdə ölkə başçımız Qarabağ bölgəsində gedən quruculuq işləri haqqında məlumat verərək deyib: "Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm".

Müstəqilliklərinin ilk illərində Proqrama qoşulan Mərkəzi Asiya ölkələri bu gün öz iqtisadi gücləri ilə dünyada seçilirlər. Şübhəsiz ki, Zirvə görüşü və bundan sonra baş tutacaq toplantılarda dövlətlərimizin rifahı üçün ciddi addımlar atılacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".