Əfsanəvi sərkərdə: Hüseyn xan Naxçıvanski
Tarixi şəxsiyyətlər

Əfsanəvi sərkərdə: Hüseyn xan Naxçıvanski

Azərbaycan torpaqlarında elə nəsillər, qəbilələr olub ki, onlar öz qəhrəmanlıqları ilə seçiliblər. Heç şübhəsiz ki, onlar arasında yüksək rütbəli şəxslər də olub. Belə şəxsiyyətlərdən biri də Naxçıvan xanları sülaləsindən, tariximizə 6 general bəxş edən Kəngərli nəslindən olan, Azərbaycan və Rusiyanın hərb tarixində mühüm rol oynayan general Hüseyn xan Naxçıvanskidir.

1863-cü il iyunun 28-də Naxçıvanda anadan olan gələcəyin qəhrəmanı 15 yaşında Peterburqdakı Paj korpusu məktəbinə qəbul edilmiş, 1881-ci ildə isə oranı əla qiymətlərlə bitirərək çarın xüsusi süvari qoşununda xidmətə başlamışdır. Naxçıvanskinin hərbi karyerası o qədər zəngin və hərtərəflidir ki, bunların hamısını sadalamaq mükün deyil. Vəzifə pillələrində sürətlə irəliləyən əfsanəvi şəxsiyyət, təbii ki, bunları yüksək hərbi bacarığı və qabiliyyəti, hərbçi sədaqəti, zabit şərəfi ilə qazanmışdı. Hələ hərbi təhsil aldığı illərdə hamıdan seçilən Hüseyn xan məktəbi bitirəndən sonra Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olmuşdur. Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilmiş, Rusiya-Yaponiya müharibəsində qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayının, münaqişədən sonra isə rus ordusunun ən güclü Nijeqorodsk draqun və leyb-qvardiya süvari alaylarının rəhbəri olmuşdur. Onun hərb sahəsindəki şücaətləri isə təkcə bununla kifayətlənmir. I Dünya müharibəsi ərəfəsində Hüseyn xan 2-ci süvari diviziyasının komandiri təyin edilmiş, ona general-leytenant rütbəsi verilmişdir. Bundan sonra isə Qafqaz müsəlmanlarından ibarət "Vəhşi diviziya" kimi tanınan diviziya və polyaklardan təşkil olunmuş süvari diviziya onun tabeliyinə verilmişdir. Qorxmadan düşmənin üzərinə getməsinin, qarşı tərəfi sözün əsl mənasında "nokaut" etməsinin nəticəsidir ki, aldığı orden və medalların sayı-hesabı yox idi. Hüseyn xan Naxçıvanski çar Rusiyasının 20 mükafatı və 9 xarici ordenlə təltif edilmişdir. Onun haqqında bir çox məqalələr yazılmış və adı dillər əzbəri olmuşdur. Hələ regionda güclü döyüşlər gedən zaman məşhur rus jurnalisti Andrey Valeryanoviç Kvitka könüllü cəbhəyə getmiş və döyüşlərdə jurnalist-zabit kimi iştirak etmişdir. Müharibə gedə-gedə "Zabaykalye kazak zabitinin gündəliyi" adlı maraqlı əsər ərsəyə gətirmişdir. 1908-ci ildə nəşr edilən həmin kitabda əfsanəvi sərkərdəmiz Hüseyn xan Naxçıvanski haqqında da maraqlı məlumatlar yer almışdır: "Dağıstanlıların komandiri Hüseyn xan Naxçıvanski, podpolkovnik Byuntiq və knyaz Tumakovla görüşəndə səhər saat on bir olardı. Onlar mənimlə nahar etməyə qaldılar... Hüseyn xanın əsgər və komandirləri döyüşlərdə hamıdan seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddindən artıq cəsur olmaları idi... Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər...".

Bundan başqa, həmin illərdə Hüseyn xan Naxçıvanskinin dəstəsi Lanlunqou kəndi uğrunda ağır döyüşlər aparmış, bir neçə gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək sürətli zərbə ilə yaponları kənddən vurub çıxarmışlar. Bu güclü döyüş səhnəsi məşhur rəssam Viktor Vikentyeviç Mazurovskinin yağlı boya ilə işlədiyi və günümüzdə də yaxşı tanınan rəsm əsərində əbədiləşmişdir. Şah əsərin adı isə "Xan Naxçıvanskinin komandanlığı ilə 2-ci Dağıstan alayının Landunqou yaxınlığında yapon piyadasına və artilleriyasına qarşı hücumu" adı ilə tarixə keçir. Xatırlatmaq yerinə düşər ki, onun bu qəhrəmanlığı, çevik zəkasının gətirdiyi qələbə sevinci təkcə yağlı boyalarla qiymətləndirilmir. O, məhz bu qələbəsinə görə rus ordusunda çox hörmətli sayılan "4-cü dərəcəli müqəddəs Georgi" ordeni ilə təltif olunur. Ordendən əlavə, təltifə şəxsən İmperatorun imzasıyla silah da daxil idi. Silahın üzərindəki qızıl lövhənin üstündə isə belə yazılmışdı: "Şücaətli polkovnikim Xan Naxçıvanskiyə".

1917-ci il inqilabını tanımayan və son günə qədər taxt-taca sadiq qalan, 34 il sərasər Rusiya imperiyasında hərbi xidmət keçən, şücaətinə görə 1-ci və sonuncu müsəlman olaraq general-adyutant rütbəsi qazanan Hüseyn xan Naxçıvanski 1919-cu ildə Petroqradda bolşeviklər tərəfindən həbs olunmuşdur. Güman edilir ki, elə orada da güllələnmişdir. Onun ölümü haqqında bir sıra fərziyələr olsa da, dəqiq məlumat yoxdur. Böyük knyazların hamısının 1919-cu il yanvar ayının 29-da güllələnməsi haqqında sənədlər olsa da, bu sənədlərdə Hüseyn xan Naxçıvanski ilə bağlı heç bir məlumat verilmir. Rus tədqiqatçısı professor Rudolf İvanov bu işi araşdırmış, lakin Rusiyanın arxivlərinə göndərdiyi məktublarına demək olar ki, eyni cavab almışdır: "Barələrində güllələnmə hökmü çıxarılan bu şəxslərin arasında Naxçıvanskinin adı keçmir. Heç bir arxivdə böyük knyazların həbsi və güllələnməsi ilə bağlı məlumat yoxdur. Onların adları yalnız 1918-20-ci illərdə Peterburqda güllələnənlərin ümumi əlifba siyahısında var".

Dəfn yeri məlum olmayan əfsanəvi sərkərdə rus və Azərbaycan xalqlarının xatirə yaddaşında bu günədək əsl qeyrət, hünər və sədaqət rəmzi kimi qalır. Hüseyn xan Naxçıvanskinin şərəfli adı yaddaşlarda yaşayır.

Röya RÜSTƏMLİ,

"Respublika".