Abonentlərə xidmət səviyyəsi yüksəlir
İqtisadiyyat

Abonentlərə xidmət səviyyəsi yüksəlir

Hazırda Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolu bir çox mənbələr hesabına daha da güclənir. Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 8 il öncə "Azərişıq" Səhmdar Cəmiyyəti yaradılmışdır. İndi bu kollektivdə təcrübəli energetiklər ordusu çalışır. Abonentlər fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur, qarşıya qoyulmuş vəzifələr layiqincə yerinə yetirilir.

"Azərişıq" ASC-nin uğurlu fəaliyyəti sayəsində paytaxtın Yasamal rayonunda son illər müsbət irəliləyişlər müşahidə olunur, xidmət abonentləri razı salır, rayonun əhatə etdiyi ərazilərdə yenidənqurma, texniki dəyişikliklər davam etdirilir.

Rayon Enerji Təchizatı və Satışı İdarəsinin satış şöbəsinin rəisi, təcrübəli energetik Sabir Tağıyevlə iş başında görüşdük. O, görülən işlər barədə dedi:

- Vətən müharibəsində ərazilərimiz işğaldan azad olunduqdan sonra "Azərişıq" Səhmdar Cəmiyyətinin kollektivi ikiqat səylə çalışırlar. Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma işləri aparılır, əlbəttə, bu isə sosial-iqtisadi vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

2023-cü ilin birinci yarısı başa çatmışdır. Ötən 6 ayda energetiklərimiz uğurlu nəticələrə imza atmışlar. İlk növbədə, vurğulamaq lazımdır ki, ilin birinci yarısında Enerji Təchizatı və Satışı İdarəsində yığım 104,4 faizlə yerinə yetirilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Rayon ərazisində əhali sektorunda 111 min, qeyri-əhali sektorunda 7500 abonent qeydə alınmışdır.

İlin ötən aylarında 110/35/10 kv-luq Bayramzadə yarımstansiyasında 35 kv-luq 1-ci və 2-ci bölmələrdə gərginlik transformatorları və yuvaları yenisi ilə əvəz olunmuş, generatordan inzibati binaya 106 metr kabel çəkilmişdir. Həmçinin, bölmələrarası yuva təftiş olunmuşdur.

2.35/0,4 kv-luq Mida TM 1-də 35 kv-luq eleqaz açarı yuva ilə birlikdə yenisi ilə əvəz olunmuş və TM-lər təftiş edilmişdir.

110 kv 1 Yasamal hava xəttində 7-12-ci dayaqlararası 110 kv hava xətləri kabel xətti ilə əvəz olunaraq sınaqdan keçirilmiş və istismara verilmişdir. Yarımstansiya Yasamal 1-də 110 kv-luq hava və kabel xətti dövrəyə qoşulmuşdur.

İlin ötən ayında 35/10/6 kv-luq 120 saylı yarımstansiyada 10 və 35 kv-luq bölmələrarası və yuvalar, transformatorun giriş açar və yuvaları, xüsusi sərfiyyat transformatorları, gərginlik transformatorları təftiş və sınaq olunmuşdur.

35/10 kv-luq 101 saylı yarımstansiyada 2 saylı 25 mva transformator və avadanlıqlar cari təmir və təftiş olunmuş, rele-mühafizələri yoxlanılmış, 35 kv-luq eleqaz açarı, 10 kv-luq 1 və 2 saylı giriş açarları sınaqdan keçirilmişdir.

Yaz mövsümü ilə əlaqədar 110 kv-luq, 35 kv-luq yarımstansiyaların, 6/10 kv-luq və 0,4 kv-luq EVX-lərin ətrafında alaq otların təmizlənməsinə ehtiyac yaranmışdır. Yasamal İŞ-in balansında olan 6/10 kv-luq zədələnmiş kabel xətlərinin təmiri üçün 57 ədəd artıq mufta, 10 ədəd isə sonluq mufta istifadə olunmuşdur.

İlin ötən 6 ayında Yasamal İŞ-in balansında olan 83 ədəd TM və KTM-lərin elektrik avadanlıqları cari təmir və təftiş olunmuşdur. Həmçinin 21 ədəd TM və KTM-lərdə yararsız, qeyri-standart qoruyucuların əvəzinə, 250 və 400A-lik 88 ədəd standart qoruyucu quraşdırılmışdır. Mütəmadi olaraq ərazilərdə TM və KTM-lərə baxış keçirilmiş, aşkar olunmuş qüsurlar vaxtında aradan qaldırılmışdır.

İməcilik işləri ilə əlaqədar 6 ay ərzində hər şənbə günü 16 ədəd TM və 8 ədəd yarımstansiyanın otaqları təmizlənmiş, qapılar və kabel xətlərinin zədələnməsinin qarşısı alınmışdır. Podratçı tərəfindən Yasamal rayon ərazisində ilin birinci yarısında 7921 NFC markalı sayğac quraşdırılmışdır. İlin birinci yarısında rayon ərazisində 284 ədəd 0,4 kv-luq dayaqlar rənglənmiş və digər işlər görülmüşdür.

İdarədə kadr potensialını gücləndirmək, daha uğurlu nəticələrə imza atmaq məqsədilə 4 nəfər gənc işə götürülmüş, onlar üçün normal iş şəraiti yaradılmışdır.

Sabir Tağıyev sözünə davam edərək vurğuladı ki, başçılıq etdiyi kollektiv "Heydər Əliyev İli"ndə abonentlərə xidmət işinin dünya standartları səviyyəsinə qaldırılmasına maksimum səy göstərir. Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemini uğurla həll etmək, cəmiyyətə tələb olunan təcrübəli kadr potensialını vermək üçün "Azərişıq" ASC tərəfindən Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkələrində istifadə olunan və gələcəkdə istifadə ediləcək müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması məqsədilə Yasamal rayonunda energetika sistemində yeni əmək fəaliyyətinə başlayan gənclər Tədris Mərkəzində fəaliyyət göstərən kurslara cəlb olunur və burada xeyli təcrübə toplayırlar.

Qədir ASLAN,

"Respublika".