Milli oyanış hərəkatının ideoloqu, dövrünün
Mədəniyyət

Milli oyanış hərəkatının ideoloqu, dövrünün "Əkinçi"si

Xalqının zülmət içərisində boğulduğu bir vaxtda ona əl uzadan, yol göstərən, əsl inkişafın nədə və necə olduğunu öyrədən millət fədaisi, müsəlman Şərqində ilk xeyriyyəçilik hərəkatının yaradıcısı, dövrünün və bu günümüzün dahi şəxsiyyəti, ensiklopedik bilik sahibi, Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlib. Ömrünün sonunadək gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olan Həsən bəy Zərdabi Azərbaycan xalqının tarixində milli teatrımızın banisi, mətbuatımızın yaradıcısı, ilk Qız məktəbinin təsisçisi, Birinci Müəllimlər Qurultayının təşkilatçısı və sədri, görkəmli ictimai xadim və fədakar müəllim kimi yeni bir səhifə açıb.

Orta təhsilə Şamaxı şəhərində başlayıb, Tiflisdə tamamlayıb. Təhsili ilə əvvəlcə atası Səlim bəy məşğul olur, onda elmə, təhsilə, vətənə, xalqa məhəbbət hissi aşılayır. Faydalı öyüd-nəsihətlərindən, verdiyi ilk təhsildən bəhrələnən balaca Həsəni atası sonra Zərdab kəndində fəaliyyət göstərən mədrəsəyə qoyur və o, burada ibtidai təhsil alır.

Səlim bəy artıq yetkin bir gənc olan Zərdabini 1852-ci ildə Şamaxıda yenicə açılmış müasir üsulda rus dilində təhsil verən məktəbə gətirir. O bu məktəbdə rus dilini dərindən öyrənir, elmi biliklərə yiyələnir və 1858-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir. Həsən bəyin dövlət hesabına 1-ci Tiflis gimnaziyasına göndərilməsi məsləhət görülür. 1858-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib gimnaziyanın 5-ci sinfinə daxil olan Həsən bəy bu təhsil ocağını 1861-ci ildə gümüş medalla bitirir. Bu müvəffəqiyyətinə görə, 1861-ci ilin avqust ayında imtahansız, dövlət hesabına Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olur.

Universiteti bitirərkən onun bu təhsil ocağında qalıb işləməsi təklif olunsa da, Həsən bəy bununla razılaşmır. Böyük ideya və amallar sahibi olan Zərdabi "Vətənim Azərbaycandan kənarda qalmağı özüm üçün ölüm hesab edirəm" deyir. O, sözsüz ki, xalqını zülmətdən, gerilikdən xilas etmək üçün Azərbaycana qayıtmaq qərarına gəlir. Həsən bəy bununla əlaqədar yazırdı:

"Mənim xalqım bu saat şirin yuxudadır, cəhalət girdabında boğulur, mənim kimi adam bunu görüb onlardan kənarda qala bilməz", "elmsiz bu zəmanədə dolaşmaq mümkün deyil". Həsən bəy bu fikirlərlə yaşayıb, yaradıb və öz xalqının xeyrinə iş görmək istəyirdi.

Həsən bəy Zərdabi ölkəyə dönərkən Tiflisdə "Mejevaya palata" (Torpaq sərhəd hüdudlarını müəyyən edən, torpaq bölgüsü işi ilə məşğul olan, yerquruluşu tədbirləri sistemini həyata keçirən) adlı idarədə işləməklə yanaşı, eyni zamanda burada "8-ci mejevaya" (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərir. Yoxsul və kimsəsizləri müdafiə etdiyinə görə idarə rəhbərliyi və çar məmurları onun burada işləməyinə imkan vermirlər. Həsən bəyə Tiflisdə sui-qəsd hazırlanır, onu öldürmək istəyirlər. Yazıçı, elm xadimi M.F.Axundovun müdaxiləsi nəticəsində bu sui-qəsd baş tutmur, birtəhər canını qurtarıb Bakıya gəlir.

1866-cı il dekabrın 28-də Bakı Qəza İdarəsində işə düzələn Zərdabi bir müddət pasport-masa rəisi və kargüzar vəzifələrində çalışır. Lakin Həsən bəy Zərdabinin burada da işləməsi qeyri-məqbul sayılır.

Daha sonra Qubaya gedir və 1868-ci il fevralın 28-də barışıq məhkəməsinin katibi vəzifəsinə təyin olunur. Burada da analoji haqsızlıqları görüb, onlara qarşı mübarizə aparır. Nəticədə yerli bəylər Zərdabini öldürmək qərarına gəlirlər. Lampa işığında, iş otağında məşğul olan zaman atılan güllə pəncərənin şüşəsinə dəyib ondan yan keçir. Zərdabi Qubada da uzun müddət işləyə bilmir. 1868-ci il oktyabrın 4-də məhkəmənin katibi vəzifəsindən kənarlaşdırılır.

1869-cu il 18 noyabradək işsiz qalan Həsən bəy Şamaxıda şəxsi vəkilliklə məşğul olur. Nəhayət, 18 noyabr 1869-cu ildən etibarən Bakı Real Gimnaziyasında yeganə azərbaycanlı olaraq təbiət tarixi fənnindən tədrisə başlayır.

Zərdabi məktəbdə təhsil alan kasıb tələbələrə yardım etmək, yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə xeyriyyə cəmiyyəti yaratmaq ideyasını irəli sürür, cəmiyyətin nizamnaməsinin təsdiqinə nail olur. 1872-ci ildə Cəmiyyəti-Xeyriyyənin əsasını qoyur. Bununla da Həsən bəy Zərdabi Azərbaycan mədəniyyəti tarixinin şanlı bir səhifəsinə - ilk peşəkar milli Azərbaycan teatrının yaradılmasına öz əbədi imzasını atır. Lakin müsəlmanların teatra həvəslə gəlməmələri Həsən bəyi başqa vasitələrlə yoxsul və kimsəsizlərin təhsilinə yardım üçün vəsait axtarışına məcbur edir. Nəticədə ana dilində mətbuat orqanı - qəzet açmaq, onun vasitəsilə maarifçiliyi yaymaq ideyası baş qaldırır. Həsən bəy Zərdabi özünün "Həyat" qəzetində çap olunmuş "Rusiyada əvvəlinci türk qəzetəsi" adlı məqaləsində "Əkinçi" qəzetinin yaranması səbəblərini belə izah edirdi:

"... Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü-malımıza sahib olurlar...

Belə də nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın!...

Belədə qəzetə çıxarmaqdan savay bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar...".

Beləcə, Ana dilində mətbuata böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət edir.

"Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun", "Qəzet camaat üçündür, camaat qəzet üçün deyildir" deyən Həsən bəy ana dilində, "Əkinçi" adlı qəzetin nəşr olunmasına razılıq almaq məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı qubernatoruna olan müraciətlərindən, uzun yazışmalardan, 7 illik gərgin əməkdən sonra qəzetin nəşrinə hökumətdən icazə alır.

22 iyul 1875-ci ildə Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olur. Bu qəzet ilə Azərbaycan milli mətbuatının əsası qoyulur. 1875-ci il iyulun 22-dən 1877-ci il sentyabrın 29-na qədər çapını davam etdirən "Əkinçi" qəzeti ayda iki dəfə 300-400 tirajla nəşr olunur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görür.

Həsən bəy "Əkinçi"nin əsas yazarı olmaqla yanaşı, həmin qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki işçisi və həm də korrektoru kimi fəaliyyət göstərir. "Əkinçi" nəşr olunduğu gündən bağlananadək çarizmə, köləliyə qarşı barışmaz mübarizə aparır və rejimin hər hansı bir sahədə yeritdiyi haqsızlıqlara, kortəbii hərəkətlərə öz mənfi münasibətini bildirir. Məhz qəzetə "Əkinçi" adı təsadüfi verilməmişdi. Bu adda qəzetin kənd təsərrüfatı təmayüllü olmasını düşünmək yanlışlıq, sadəlövhlük olardı. Həmin ad altında dərin və böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı nəzərdə tutulmuşdu. Qəzeti nəşr etməkdə əsas məqsəd, başlıca qayə həmvətənlərinin qəlbinə, şüuruna maarif, elm, mədəniyyət toxumu səpməkdən ibarət idi.

"Əkinçi"nin məram və məqsədləri tərbiyəçi olub xalqın xoşbəxtliyi haqqında düşünmək, xalqın maariflənməsinə çalışmaq, bələdçi olub dünyəvi elmlərin öyrənilməsinə və insanları işığa, yaxşılığa səsləmək, bir ayna kimi bütün əyrilikləri göstərmək, təmizliyin, səadətin, xoşbəxtliyin yoluna işıq tutmaq, bir həkim kimi insanları acı dərmanlarla nadanlıq xəstəliyindən müalicə etmək idi.

Bəli, "Əkinçi" qəzeti fəaliyyət göstərdiyi (1875-1877) illərdə özünün müqəddəs amalına - xalqın maariflənməsinə ləyaqətlə xidmət etdi. O, tezliklə xalq maarifi və mədəniyyətinin, anadilli məktəblərin böyük çarçısı oldu. Lakin bu sevincli günlər uzun sürmədi. Bu işdə də erməni xəyanəti öz işini gördü. "Əkinçi"nin mürəttibi Minasovun donosları nəticəsində "Əkinçi" qapandı. "Əkinçi" bağlansa da, onun əkdiyi maarif, elm və mədəniyyət toxumları tezliklə öz bəhrəsini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı... "Əkinçi"nin davamçısı Krımda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə türk dilində ikinci qəzet olan "Tərcüman" (1883-1919) Həsən bəyin dostu böyük türkçü İsmayıl bəy Qaspıralının redaktorluğu ilə nəşrə başladı. Bu qəzetin nəşrini Həsən bəy türklüyün bayramı kimi qarşılamışdı. Sonralar türk dünyasında "Üsuli-cədid məktəb"lərinin (müasir Avropa tipli məktəblər) böyük carçısı, "dildə, fikirdə, əməldə birlik" ideyasının müəllifi olan İsmayıl bəy Qaspıralı Rusiyada türkdilli mətbuatın "Əkinçi" qəzeti ilə başlandığını etiraf edir, Həsən bəyi isə bu sahənin patriarxı, özünün böyük müəllimi adlandırırdı.

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərək "siyasi cəhətdən təhlükəli və etibarsız" hesab edir və nəticədə, 1877-ci ilin sentyabr ayında "Əkinçi" qəzeti çar hökuməti tərəfindən bağlanır, 1878-ci ildə isə o, gimnaziyada müəllimlikdən azad edilir. Çar hökuməti üçün "təhlükəli" hesab edilən Həsən bəyin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (Krasnodar) şəhər gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı Gimnaziyasından uzaqlaşdırılır.

1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edən H.Zərdabi ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir.

Bunu da qeyd edək ki, 1906-cı ildə Zərdabinin təşəbbüsü və sədrliyi ilə Bakıda Azərbaycan müəllimlərinin 1-ci qurultayı çağırılmış, ciddi qərarlar qəbul edilmişdi. 2-ci qurultayda Həsən bəy xəstə olduğu üçün iclaslarda iştirak etməsə də, (həmin qurultayda sədrliyi Əli bəy Hüseynzadə etmişdi) təbrik məktubu göndərməyi unutmamışdı.

Həsən bəy xəstə olduğu dövrlərdə də xalqın maarif və mədəniyyəti naminə məsləhətlərini əsirgəməmişdi. Fərhad Ağazadənin xatirələrinə görə, bir gün Üzeyir bəy Hacıbəyov xəstə Həsən bəyi ziyarət edir. Həsən bəy əl işarələri ilə ondan bir opera yazmasını xahiş edir. Təklif məmnuniyyətlə qəbul edilir, beləcə 1908-ci ildə "Leyli və Məcnun" operası yaranır.

İctimai-siyasi problemlərlə yanaşı, əxlaq məsələləri də Zərdabinin diqqətindən yayınmayıb. Əxlaq və etika məsələləri onun dünyagörüşündə mühüm yer tutub. Əsərlərində cəmiyyətdə mövcud olan, bir-birinə ziddiyyət təşkil edən sifətlər müqayisəli şəkildə qarşı-qarşıya qoyulurdu: bir tərəfdə zəhmətkeş təbəqə üçün xarakterik olan ən üstün əxlaqi cəhətlər, digər tərəfdə isə istismarçı siniflərə xas olan rüşvətxorluq, riyakarlıq, sərxoşluq kimi qeyri-insani keyfiyyətlər dururdu. Öz xalqına sədaqətlə xidmət etmək, xalqı maarifləndirmək, azadlıq hərəkatını canlandırmaq naminə yaşadığı dövrün bütün eybəcərliklərini, haqsızlıqlarını, xalqın zəhmətkeş təbəqələrini əzən, onları zülm altında inlədən feodal qəddarlıqlarını çəkinmədən yazılarında ifşa edən Həsən bəy Zərdabi zəngin ədəbi irsi və fəaliyyəti ilə Azərbaycan mədəniyyəti tarixinə yaddaşlardan silinməyən izlər qoymuş böyük tarixi və ədəbi şəxsiyyətdir. Bu şəxsiyyətin xalqı qarşısındakı xidmətləri unudulmazdır!

Azərbaycan maarifçilik hərəkatının korifeylərindən olan Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib. Ertəsi gün böyük izdiham və təntənə ilə Bakıda Bibiheybət qəbiristanlığında dəfn edilib. 1948-ci ildə isə Bakıda Fəxri xiyaban yaradılanda Zərdabinin qəbri ora köçürülüb.

Bayram SALMANOV,

"Respublika".