Yeniliyin simvolu
Elm və təhsil

Yeniliyin simvolu

Ulu Öndər Heydər Əliyev deyirdi: "Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır".

Azərbaycanda təhsil sahəsində aparılan islahatlar məhz ümummilli liderin adı ilə bağlıdır. Dahi lider gənc nəslə hər zaman dəstək verib, onların inkişafı üçün əlindən gələni əsirgəməyib. 1969-cu ildən etibarən ölkənin şəhər və rayonlarında yeni peşə məktəbləri yaradılıb. Belə ki, 1970-ci ildə ölkədə 76 texniki peşə məktəbi fəaliyyət göstərirdisə, 1982-ci ildə bu rəqəm 184-ə çatmışdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında" qərar qəbul edilib.

Daim ölkənin və gənclərin gələcəyi üçün çalışan ulu öndər Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm qərarlar verib. 1993-2003-cü illərdə təhsillə bağlı verilən qərarlar sayəsində bu sahənin davamlı inkişafına zəmin yarandı. Ölkə gənclərinin xaricdə təhsili üçün şərait yaradıldı. Ümummilli liderin məqsədyönlü islahatlarını Prezident İlham Əliyev uğurla davam etdirir. Son 20 ildə təhsilin inkişafı üçün bir neçə dövlət proqramı qəbul edilib. Bu proqramlar çərçivəsində həyata keçirilən islahatlar işğaldan azad edilən ərazilərdə təhsilin inkişafına müsbət təsir göstərir. Belə ki, 29 il sonra işğaldan azad edilən Ağalı kəndində orta məktəb fəaliyyətə başlayıb, şagirdlərin təhsili üçün hər cür şərait yaradılıb. Bəs bu məktəbdə təhsil alan şagirdlər ali təhsil məktəbini harada davam etdirəcəklər? Qarabağ və ətraf bölgələrdə yaşayan əhali nəzərə alınaraq 2023-cü il noyabrın 28-də Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. İşğal nəticəsində viran qalan Xankəndidə ali təhsil ocağının açılması quruculuq işlərinin ən bariz nümunəsidir. 15 sentyabr 2024-cü ildən burada dərslər keçiriləcək.

Təhsil eksperti Elmir Nəsirovun fikrincə, əsas rəqabətin hüquq ixtisası üzrə gedəcəyi gözlənilir. Avropa təhsil sisteminin standartlarına cavab verən və təhsil alanların gələcəyini düşünən universitet tələbələr üçün bir çox güzəştlər tətbiq edir. Eyni zamanda auditoriya və tələbə yataqxanasında tələbələr üçün ən rahat şərait yaradılıb. "Ağıllı lövhələr" və tələbələrə veriləcək ödənişsiz kompüterlər isə universitetin ən yeni sistemlə təmin olunmasının bariz nümunəsidir.

Qarabağ Universiteti yeniliyin simvoludur. Həmçinin əraziyə yaxın regionlarda yaşayan insanlar üçün bu böyük bir fürsətdir. Çünki tələbələr ərazinin təbiəti və tarixi keçmişi ilə də yaxından tanış olacaqlar. Tarixin izlərini öz yaxınlarında hiss edəcəklər. Ən əsas da tarix fakültəsinin tələbələri kitablarda oxuduqları tarixi yaxından müşahidə edəcəklər.

Qarabağ Universitetində təhsil alan gənclərin fərqli tələbə yataqxanası ilə təmin olunması müsbət haldır.

Ekspertin qənaətinə görə, Bakı ərazisində olan ali təhsil ocaqlarından fərqli olaraq Qarabağ Universitetində balların nisbətən aşağı olacağı gözlənilir. Məsələn, Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə müsabiqə şərti 600-dən çoxdursa, Qarabağ üçün bu şərtin 500-dən çox olmayacağını təxmin etmək olar. Tələbələrin eyni balla daha yaxşı şəraitdə yeni bir universitetdə təhsil almaq imkanları var.

Qarabağ Universitetinə ilk tədris ilində 800-1000 tələbənin qəbulu nəzərdə tutulsa da, gələcək illərdə bu rəqəmin 5000 nəfərə çatdırılması planlaşdırılır. Eyni zamanda təhsilini burada başa vuran bakalavrlar üçün tam ali təhsil bazasında da ixtisasların açılacağı qərarlaşdırılıb.

Qarabağda ali təhsil müəssisəsinin açılması regionun iş və işçi ehtiyatları ilə təmin olunmasına gətirib çıxaracaq ki, bu da bölgənin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Ləman TƏHMƏZ.