Güzgü sular ulduzlara ayna tutur
İqtisadiyyat

Güzgü sular ulduzlara ayna tutur

Vətən müharibəsində şanlı ordumuz düşmənə qalib gəlməklə təkcə işğal altında olan torpaqlarımızı azad etmədi, həm də nadir gözəlliyə malik olan Qarabağın təbiətinə qəsdin qarşısını aldı. Tarixi qələbəyə Prezidentimizin qətiyyəti, xalqımızın birliyi, ordumuzun gücü sayəsində nail olduq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində həm ön cəbhədə, həm siyasət meydanında, həm də informasiya müharibəsində axıra qədər döyüşdü və qalib komandan kimi parlaq qələbəyə imza atdı. Qarabağın və Şərqi Zəngəzurun viran edilmiş infrastrukturu, məhv edilmiş təbiət abidələri, ölü zonaya çevrilmiş əraziləri onu göstərdi ki, Ermənistanın 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti nəticəsində Cənubi Qafqaz regionunda ekoloji tarazlıq böyük sual altına düşüb.

İşğal olunmuş ərazilərdə ermənilər tə

rəfindən həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı bir sıra ekoloji problemlərə gətirib çıxarıb. Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq ciddi şəkildə pozulub. Regionda ətraf mühitin deqradasiyasına qarşı Azərbaycan böyük layihələr həyata keçirir, təbiətə vurulan yaralara məlhəm qoyulur, on minlərlə ağac əkilir, yaşıllıqlar salınır, meşələr bərpa edilir.

2022-ci ildə ordumuzun bölmələri Fərrux və Sağsağan dağ silsilələrində mövqe quraraq Qarabağ iqtisadi zonasının ətrafındakı təhlükəsizlik halqasını möhkəmlətdi, həmin ilin avqust ayında uğurla keçirilən "Qisas" əməliyyatında isə bu təhlükəsizlik kəməri tamamilə bağlandı. Xocalı rayonunun Fərrux kəndi istiqamətində keçirilən xüsusi əməliyyatın əsas məqsədlərindən biri də Ağdam istiqamətində yerləşən vacib hidroresursların, o cümlədən Xaçınçayın müdafiəsi idi. Qeyd edək ki, mənbəyini Qarabağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarındakı bulaqlardan alan Xaçınçayın uzunluğu 119 kilometr, hövzəsinin sahəsi isə 657 kvadratkilometrdir. Xaçınçay Kürün sağ qoludur, Ağdərə, Ağdam və Bərdə rayonları ərazisindən keçir. Ötən əsrin 60-cı illərində Xaçındərbənd kəndinin yaxınlığında Xaçınçayın qarşısına böyük bir bənd salınıb. Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. İşğal illərində su anbarı demək olar ki, tamamilə yararsız vəziyyətə salınıb. Su anbarının önündəki çökəklikdə yerləşən koponerlər işğalçıların artilleriyası üçün qazılıb və 44 günlük müharibədə düşmən ətraf kəndlərə, dinc yaşayış məntəqələrinə, o cümlədən öndəki mövqelərimizə buradan zərbələr endirib. 1993-cü il iyun ayının 12-də ətraf kəndlərlə birlikdə Xaçınçay su anbarı Ermənistan tərəfindən işğala məruz qalıb. Ermənilər işğal dövründə su anbarından kortəbii istifadə etdiklərinə görə bənddə dağıntılar olub. Erməni vəhşiliyi bu cənnət yerləri xarabalığa çevirib. 2020-ci ilin payızında Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və şəxsi fədakarlığı sayəsində Ağdam rayonu bir güllə atılmadan, hərbi-diplomatik uğur nəticəsində işğaldan azad olunub. İşğal altındakı bütün yaşayış məntəqələri, o cümlədən Xaçınçay su anbarı da düşmən əsarətindən xilas edildi.

Xaçınçay su anbarı rayonun ən iri su hövzəsidir və onun yenidən tikilməkdə olan Ağdam şəhərinin və ətraf yaşayış məntəqələrinin su təminatında çox böyük rolu var. Hidroqovşaq 7 min hektardan çox ərazinin suvarılmasını təmin edir və kənd təsərrüfatının dirçəlişində mühüm əhəmiyyətə malikdir. Bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr və su anbarının ümumi həcmi 23 milyon kubmetrdir. Su səthinin güzgü sahəsi 176 hektardır. Həmin su anbarı rayonda kənd təsərrüfatı məhsullarının artımında xüsusi yer tutub. Xaçınçay həm də balığı ilə məşhur idi və burada təbii farel balıqları mövcud idi.

Xaçınçay su anbarı Fərrux dağının altında, eyniadlı kəndin yaxınlığındadır və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükə altına almışdı. Oradan və digər kəndlərdən Ağdam istiqamətinə mütəmadi olaraq atəş açılırdı. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ekoloji tarazlığı bərpa etmək üçün qısa müddətdə respublika meliorasiya və su təsərrüfatı ASC tərəfindən burada müəyyən işlər həyata keçirilib və suyun toplanması təmin olunub. Mütəxəssislərin fikrincə, hazırda anbarda 20 milyon kubmetrdən çox su var. Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmir-bərpa işləri başa çatdırılıb. 2023-cü il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Qeyd edək ki, texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıcı 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib. Əsaslı təmir işləri çərçivəsində 940 metr uzunluğunda bənd beton üzlüyə alınıb, suburaxıcı qapı yenidən düzəldilib və qəza sutullayıcı qurğu təmir edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına 200 min çəkikimi balıq körpəsi buraxılıb. Xaçınçayın Qızılı Kəngərli kəndi yaxınlığından keçən hövzəsində kiçik su elektrik stansiyası qurulub.

Bu gün dünya sürətli dəyişikliklər dövrünü yaşayır. Texnologiyanın inkişafı həyat səviyyəsini yaxşılaşdırsa da, bəşəriyyət iqlim dəyişmələri, sosial bərabərsizlik, ekoloji ədalətsizlik kimi ciddi qlobal problemlərlə üzləşir. Dünyanın bir parçası olan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çağırışların həllinə və davamlı inkişafa yönəlmiş layihə həyata keçirilir. Ərazilərimizin işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəlmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və Böyük Qayıdış Dövlət Proqramı da daxil olmaqla hərtərəfli strategiyalar müəyyən edilib. Azərbaycan "yaşıl" və bərpaolunan enerji istehsalında bir çox hədəflərə çatır. Bir sözlə, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, ermənilərin viran qoyduğu təbiətin bərpası istiqamətində də böyük işlər görülür. Xaçınçayın güzgü suları indi ulduzlara ayna tutur, dağ bulaqlarından axıb gələn su əkin sahələrinə can verir, torpaqlar yaşıl dona bürünür.

Salman ALIOĞLU,

"Respublika".