Ceyms O'Braynın ölkəmizə səfərindən gözləntilər...
Siyasət

Ceyms O'Braynın ölkəmizə səfərindən gözləntilər...

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Azərbaycana səfəri yalnız ABŞ-Azərbaycan münasibətləri kontekstində şərh olunmamalıdır. Heç şübhəsiz ki, ABŞ-ın Cənubi Qafqaz siyasətinə görə məsul şəxslərindən biri olan O'Braynın səfərində rəsmi Bakı-Vaşinqton münasibətlərinin hazırkı mərhələsi müzakirə olunacaq. Lakin indiki məqamda O'Braynın Bakı səfərindən öncə verdiyi açıqlamadan göründüyü kimi, diqqət daha çox geosiyasi məsələlərə yönələcək. Bu ay ərzində ABŞ Prezidenti Azərbaycan Prezidenti cənab İlham Əliyevə iki dəfə məktub ünvanlamış, Azərbaycanın enerji təhlükəsizliyi və terrorizmlə mübarizədə rolunu xüsusi vurğulamış, ölkələrimiz arasında əlaqələrin perspektivlərdən bəhs etmişdir. O'Braynın səfəri, təbii ki, yalnız bu çərçivədə proseslərin irəliləməsinə xidmət edə bilər.

Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasının geosiyasi əhəmiyyəti Azərbaycanın davamlı şəkildə gündəlikdə saxladığı məsələdir, cənab Prezident də dəfələrlə öz çıxışlarında bəyan edib ki, regionda sülh və əməkdaşlıq mühiti bütövlükdə regionun və dünyanın geosiyasi konfiqurasiyasına təsirini göstərəcək. Lakin təəssüflər olsun ki, Qərb qütbünün Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə olunması prosesində mövqeyi birmənalı deyil, bir çox hallarda ikili standartlara əsaslanır. Xüsusən ABŞ Senatı və Nümayəndələr Palatasında qəbul olunan ayrı-ayrı qətnamələr, o cümlədən verilən müxtəlif bəyanatlar bunu deməyə əsas verir. Həmçinin ABŞ Dövlət Departamentinin O'Braynın timsalında ayrı-ayrı rəsmilərinin beynəlxalq hüququn prinsiplərinə zidd bəyanatları fonunda bu istiqamətdə ikili standartlar daha çox olur. Lakin O'Braynın Bakı səfəri öncəsi verdiyi bəyanatlar göstərir ki, Azərbaycanın regionda müəyyən etdiyi gündəlik ABŞ üçün qəbulediləndir.

Rəsmi Vaşinqton Azərbaycanın diktə etdiyi gündəliyə müvafiq olaraq Azərbaycan və Ermənistan arasında sülh prosesinə yalnız iki ölkənin məsələsi deyil, bütövlükdə regional təhlükəsizlik kontekstində, həmçinin dövlətlərin əməkdaşlığı prinsipindən ümumbəşəri amil kimi yanaşmağa başlayıb. Bu proseslərin kökündə Azərbaycan Prezidentinin zamanında həyata keçirdiyi layihələr, həmçinin Vətən müharibəsi və antiterror tədbirləri ilə yaratdığı reallıqlar dayanır. Çoxsaylı maneələrə baxmayaraq, Azərbaycanın qeyd edilən nəqliyyat, kommunikasiya layihələrini reallaşdırması rəsmi Bakının qətiyyətini göstərməklə bərabər, həm də proseslərin düzgün proqnozlaşdırıldığını sübut edir. Xüsusən Rusiya-Ukraniya müharibəsi fonunda qütblərarası ziddiyyətin dərinləşdiyi zamanda biz Qərbin Azərbaycanın reallaşdırdığı layihələrin önəmini daha dəqiq anladığına şahidlik edirik. Təsadüfi deyil ki, Ceyms O'Braynın Bakı səfəri öncəsi verdiyi bəyanatda da ifadə olunduğu kimi, Vaşinqton Mərkəzi Asiyanın resurslarını Azərbaycan marşrutu üzrə realizəsi, Rusiya və Çin vasitəsilə nəqlinin alternativi kimi baxır. Heç şübhəsiz ki, bu da Qafqazda sülh və sabitliyin rəsmi Vaşinqton üçün önəmini artırır. Azərbaycan, əlbəttə, sülh arzulayır. Lakin sülhün dayanıqlılığı prosesin özü qədər önəmlidir.

Sülh prosesinə gəlincə, bildiyiniz kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu təkliflər paketini aldığını bəyan edərək bildirib ki, "proses dinamikdir, bəzən irəliləyiş var, bəzən yox. Amma biz işləyirik". Ermənistan Xarici İşlər Nazirliyi də məlumat yayaraq bəyan edir ki, "Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün kifayət qədər vaxt yetişib və Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması, imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazırdır". Lakin prosesin müsbət inkişaf tendensiyaları, xüsusən aprelin 19-da və mayın 15-də sərhədlərin delimitasiya və demarkasiyası üzrə əldə olunan nəticələrin yekun sülh üçün unikal şans yaranması fonunda Fransa ilə Ermənistan arasında "Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalanması Ermənistanın sülh prosesində səmimi olmadığı barədə düşünməyə ciddi əsas verir. Üstəlik, Fransa kimi ayrı-ayrı qlobal subyektlər Cənubi Qafqazda dayanıqlı sülhün, davamlı sabitlik perspektivlərinin, xalqların birgəyaşayış və qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısında əsas əngəl kimi çıxış edir. Azərbaycanın da bu məsələyə dair mövqeyi kifayət qədər aydındır. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bəyan etmişdi ki, "Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik". Biz ümumbəşəri dəyərləri rəhbər tutaraq bütün dünya xalqları ilə beynəlxalq hüquq normaları çərçivəsində mehriban əlaqələr qurmaq niyyətindəyik. Lakin bu, bərabərhüquqlu tərəfdaşlıq və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq formasında ola bilər. Azərbaycan özü hərbi-siyasi reallıq yaratmış, ərazi bütövlüyünü, suverenliyini öz gücü hesabına bərqərar etmiş qüdrətli və diktə edən beynəlxalq subyekt kimi, əlbəttə, regionda qeyri-adekvat niyyətlər üçün alət ola bilməz, əksinə əgər hər hansı güc bölgədə maraqlarını müdafiə etmək niyyətindədirsə, Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmağa məcburdur. Bu mənada, Ermənistanın yenidən silahlandırılması, revanşizm naminə bu ölkəyə yeni texnologiyalar vəd edilməsi bölgədə heç nəyi dəyişə bilməz, əksinə Ermənistanı yenidən münaqişəyə təşviq etməklə bu ölkədə dövlət böhranının daha da dərinləşməsinə səbəb olacaq. Üstəlik, heç kim də unutmamalıdır ki, yeni dövr üzrə Azərbaycanın xarici siyasət kursunda Ermənistanla münasibətlər bizim üçün bir o qədər də prioritet deyil.

Möhtərəm Prezidentin andiçmə mərasimində dediyi kimi, "Azərbaycan artıq dünyanı narahat edən qlobal məsələlərlə məşğuldur". Bu mənada rəsmi İrəvan faydasız silahlanma, yaxud heç bir perspektivi olmayan uğursuz revanşizm niyyətlərindənsə, sülhə köklənməlidir. Lakin artıq uzunmüddətli səmərəsiz sülh proseslərinin uzanması dövrü deyil və biz Ermənistandan real addımlar gözləyirik. Biz çox yaxşı başa düşürük ki, konseptual əsası olmayan sülh Cənubi Qafqazda dayanıqlı ola bilməz. Məsələn, Ermənistan konstitusiyasının preambula hissəsində Ermənistanın müstəqillik aktına istinad var. Ermənistan müstəqillik aktının preambulasında isə "Dağlıq Qarabağ" Ermənistanın tərkib hissəsi kimi tanınır. Eyni zamanda Ermənistan konstitusiyasının 6-cı maddəsində qeyd olunur ki, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr yalnız konstitusiyaya uyğun olduğu şəraitdə ratifikasiya oluna bilər. Bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, Ermənistan konstitusiyası ilə Azərbaycanın Qarabağ iqtisadi rayonu Ermənistanın tərkib hissəsi kimi təsbit olunduğuna görə həmin müqavilə Ermənistan konstitusiyasına zidd olacaq və Ermənistanda kimin tərəfindən imzalanmasından asılı olmayaraq ratifikasiya olunaraq qüvvəyə minməyəcək. Yəni nə qədər ki, Ermənistan konstitusiyası dəyişməyib, Azərbaycan və Ermənistan arasında dövlətlərin qarşılıqlı olaraq ərazi bütövlüyünü ehtiva edən sülh müqaviləsinin imzalanması və qüvvəyə minməsi mümkün deyil. Azərbaycan da məhz bu məntiqdən çıxış edərək Ermənistan konstitusiyasında təcavüzkar, region dövlətlərinə qarşı ərazi iddialarını özündə ehtiva edən normaların ən qısa müddətdə ölkənin əsas qanunundan çıxarılmasını, yəni Ermənistanda konstitusiya islahatlarını zəruri hesab edir. Məlum olduğu kimi, dəfələrlə Ermənistan iqtidarının nümayəndələri və şəxsən Nikol Paşinyan da Ermənistanda konstitusiya islahatlarının zəruri olması barədə fikir bildirib və bu istiqamətdə erməni ictimaiyyətində geniş müzakirələr aparılıb. Lakin ölkədəki revanşist dairələr, həmçinin erməni kilsəsi bu prosesdə islahatların qarşısında dayanan əsas qüvvə kimi çıxış edir. Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsindən sonra əsl siması üzə çıxan bəzi Qərb dairələri bu proseslərə də nüfuz edərək Ermənistanda islahatların həyata keçirilməsinə məqbul yanaşmır və Qərbdən gələn direktivlər istənilən halda Cənubi Qafqazda yekun sülhə təkan verən addımlara mane olur.

Təəssüf doğuran odur ki, bir qədər əvvəl konstitusiya islahatlarından bəhs edən Nikol Paşinyan da artıq Qərbin qeyd olunan istiqamətdə direktivlərini rəhbər tutaraq aidiyyəti dəyişiklikləri hökumətin siyasi gündəmindən çıxarmaqdadır. İndiki halda ABŞ regionda sülh və əməkdaşlıq prosesinə həqiqətən töhfə vermək istəyirsə, Ermənistanın dayanaqlı sülhə məcbur edilməsi prosesində öz nüfuzundan istifadə etməlidir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.