Ərazi iddialarına əsas verən müddəalar Ermənistan konstitusiyasından çıxarılmalıdır
Siyasət

Ərazi iddialarına əsas verən müddəalar Ermənistan konstitusiyasından çıxarılmalıdır

İyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalarla bağlı görülən işlər, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti, Cənubi Qafqazda mövcud vəziyyət və son inkişaflar barədə müzakirələr aparılıb. Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar barədə məlumat verən Ceyhun Bayramov, həmçinin İrəvanın konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların sülh prosesinə əsas maneə olduğunu bildirib.

Hazırda regionun dünya ictimaiyyətinin əsas diqqəti Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlib. Amma proses rəsmi İrəvan və onu sülhdən yayındırmağa çalışan qüvvələr tərəfindən uzanır. Daha dəqiq desək, Ermənistan öz qanunvericiliyində dəyişiklik etməlidir. Çünki Qərb qonşumuzun hazırkı konstitusiyasında Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən məqamlar yer alır. Bu ölkənin Türkiyəyə qarşı "erməni soyqırımı" iddiası da var. Həmçinin dövlətin gerbində Türkiyəyə məxsus Ağrı dağı təsvir olunub ki, bununla rəsmi İrəvan həmin ərazini də özününkü kimi təqdim edir.

Ərazi iddialarına əsas verən bu müddəalar Ermənistan konstitusiyasından çıxarılmalıdır. Nikol Paşinyan hakimiyyəti isə məsələyə fərqli siyasi don geyindirməyə çalışır.

Azərbaycanın konstitusiya dəyişikliyi tələbinə digər ölkələrin tarixində də rast gəlmək mümkündür. 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olundu və Britaniya ilə İrlandiya respublikaları arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydalar müəyyənləşdi. Şimali İrlandiyanın Konstitusiyasında 2-ci və 3-cü maddələr çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu. Belfast sazişi iğtişaşlara və terrora son verdi.

Azərbaycanın qarşı tərəfə təqdim etdiyi 5 baza prinsipindən ibarət sülh sazişi özündə Ermənistanda konstitusiya dəyişikliyini də ehtiva edir.

Nəzrin ELDARQIZI,

"Respublika".