Siyasət

"Sülh axtarışı"nda hayastan təxribat edir

Ermənistan və Azərbaycan arasında davam edən ritorikanın bənzəri olduqca azdır. Çünki qərb qonşumuzla münasibətlərimiz rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi səbəbindən mürəkkəb və paradoksal bir hal alıb. Dünyanın heç bir yerində müharibənin məğlub tərəfinin müxtəlif şərtlər irəli sürməsi faktına rast gəlinməyib.

Rəsmi İrəvanın silahlanmanı davam etdirib, atəşkəsi pozub, digər tərəfdən də sülh üçün dəqiq vaxt verib həm də Azərbaycanı günahlandırması, həqiqətən də absurddur. Ölkəmizin isə bu məsələdə mövqeyi, şərtləri və qətiyyəti artıq bütün dünyaya məlumdur. Lakin Ermənistan hələ də müxtəlif siyasi və ictimai gedişlərlə sülhü uzatmağa cəhd edir. Əgər rəsmi İrəvan şahmat oynamaq istəyirsə, unutmamalıdır ki, bu oyunda hərəkətlərini effektiv şəkildə planlaşdıra, rəqibinin strategiyalarını qabaqcadan görə bilən və taktikanı səmərəli şəkildə icra edən oyunçu qalib gəlir. Rəsmi İrəvanın nə etmək istədiyi çox yaxşı başa düşülür. Ermənistanın sülh prosesinə yanaşması Sizif mifini xatırladır. Bu qədim nağılda Sizif daşı dağa qaldırmağa məhkum edilir. Belə ki, daşı yuxarı qaldıranda hər dəfə öz ağırlığı ilə aşağı diyirlənir. Bunun isə mahiyyəti odur ki, "faydasız əmək"dən daha ağır cəza yoxdur. "Sülh axtarışı"nda olan Ermənistan da oxşar situasiyadadır. Lakin amansız cəzanın qurbanı olan Sizifdən fərqli olaraq, Ermənistan vəziyyətini çətinləşdirməyə davam edir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibinin Qarabağın guya Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı iddiasına münasibət bildirərkən deyib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir: "Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib, mütləq hərbi qələbə qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoyub və onu kapitulyasiya aktını imzalamağa məcbur edib. Ermənistan rəhbərliyi ordu sıralarında 10000 nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərk-silah edilib və Qarabağ tam azad edilib".

Dövlət rəsmisi onu da bildirib ki, həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir. Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür: "Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik".

Ermənistan sülh danışıqlarında daim dəyişən labirintin memarı rolundan çıxış edir. Hər dəfə irəliləyiş əlçatan görünəndə, divarlar yerindən tərpənərək yanlış yollar yaradır. Bu labirintdə Ermənistan özünü bələdçi kimi göstərir, sülh vəd edir, lakin qarışıqlığı yaradan da məhz özüdür.

Rəsmi İrəvanın ərazi iddialarını əks etdirən konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaqdan çəkinməsi də növbəti təxribatdır. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Azərbaycanla sülh anlaşmasına "erməni əsirlərin" qaytarılması da daxil olmalıdır. O, burada "əsir" deyərkən, təkcə hazırda Bakıda cəza çəkən diversantları deyil, ötən ilin sentyabrında antiterror tədbirləri çərçivəsində ələ keçmiş separatçı-xunta rejiminin cani rəhbərlərini də nəzərdə tutub. Deyəsən, Ermənistan rəhbərliyi unudub ki, sülh müqaviləsi ədalətin, düzgünlüyün rəmzidir. Buna görə də soydaşlarımıza qarşı cinayət törədənlər layiq olduqları cəzaları almalıdırlar. İyunun 26-da Azərbaycan müzakirə edilən sülh sənədi variantını 10-cu redaktədə rəsmi İrəvana göndərib. Xatırladaq ki, iyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Bu səbəbdən də, rəsmi İrəvan əgər onun səmimiyyətinə inanmağımızı gözləyirsə onuncu redaktə qəbul edilməlidir.

Paradokslarla dolu Ermənistan rəhbərliyi bu gün sülhə gedən yolda yaranmış maneələrin əsl memarlarıdır. Lakin ölkəmiz rəsmi İrəvanın gerçəkliyin üzərinə saldığı kölgələri işıqlandırmaq, ikili oyunlarına qarşı çıxmaqla sülhə gedən əsl yolu müəyyən edəcəkdir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".