Azərbaycanda əsas kapitala investisiya 20 milyard manatı ötüb
İqtisadiyyat

Azərbaycanda əsas kapitala investisiya 20 milyard manatı ötüb

2023-cü ildə əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib.

"Respublika" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6 milyard 840 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard 559,6 milyon manatı və ya 71,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 faiz, büdcə vəsaitləri 36,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 3 faiz, digər vəsaitlər isə 6 faiz təşkil edib.