DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

UKRAYNA VƏ Aİ ARASINDA TƏHLÜKƏSİZLİK SAZİŞİ İMZALANIB

Avropa İttifaqı (Aİ) ilə Ukrayna arasında iyunun 27-də təhlükəsizlik təminatları haqqında saziş imzalanıb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Xəbər verilir ki, Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə birgə sənəd imzalayıb. Bundan əlavə, Estoniya və Litva ilə də təhlükəsizliklə bağlı sazişlər imzalanıb.

Söhbət Ukraynanın davamlı və uzunmüddətli hərbi texnika ilə təminatından, hərbi təlimlərdən, müdafiə islahatlarına dəstəkdən, Avropa və Ukraynanın müdafiə sənayesi arasında əməkdaşlıqdan gedir.

Müqavilə təkcə Ukraynanın müdafiəsinə deyil, həm də makromaliyyə, humanitar yardım, yenidənqurma və islahatlara dəstək təminatı verir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ sammitindən əvvəl bildirib ki, təhlükəsizlik sazişi Ukraynaya uzunmüddətli dəstəyi təmin edəcək: “Təhlükəsizlik sazişi, çox vacibdir. Çünki bu, bizim Ukraynanı dəstəkləmək niyyətində olduğumuzu bildirən mesajımızdır”.

BELARUS HÖKUMƏTİNDƏ ƏSASLI KADR DƏYİŞİKLİKLƏRİ HƏYATA KEÇİRİLİB

Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 27-də hökumətdə bir sıra ciddi kadr dəyişiklikləri həyata keçirib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Belarus mediası məlumat yayıb.

Bildirilir ki, Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy Prezident Administrasiyasının rəhbəri təyin olunub. D.Krutoyun birinci müavini vəzifəsinə isə Natalya Petkeviç layiq görülüb.

Ölkənin Rusiyadakı səfiri isə Aleksandr Roqojnik təyin edilib. Roqojnik bundan əvvəl Belarusun sənaye naziri vəzifəsində çalışıb.

Belarusun Sənaye Nazirliyi bundan əvvəl sənaye nazirinin müavini vəzifəsini tutan Aleksandr Yefimova həvalə olunub.

Eyni zamanda, Belarus prezidenti yeni xarici işlər naziri vəzifəsini Maksim Rıjenkova etibar edib. Keçmiş XİN başçısı Sergey Aleynik isə Respublika Şurasının üzvü təyin edilib.

Bununla yanaşı, Lukaşenkonun qərarı ilə Yuri Şuleyko Belarus baş nazirinin müavini vəzifəsinə gətirilib.

BƏŞƏR ƏSƏDDƏN TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRLƏ BAĞLI AÇIQLAMA

Suriya prezidenti Bəşər Əsəd Rusiya dövlət başçısının xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşündə Türkiyə ilə münasibətlərlə bağlı açıqlama verib. Bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.

Görüş zamanı Bəşər Əsəd bildirib ki, Suriya ölkənin bütün ərazisindəki suverenliyi ilə terrorizm və terror təşkilatlarıyla mübarizəyə əsaslanan Suriya-Türkiyə münasibətləri üzrə bütün təşəbbüslərə açıqdır.

Aleksandr Lavrentyev öz növbəsində bildirib ki, ölkəsi Türkiyə-Suriya əlaqələri ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir.

“Görünən budur ki, vasitəçiliyin uğurlu olması üçün hər zamankından daha əlverişli şərait yaranıb. Rusiya danışıqların irəliləməsi üçün işləməyə hazırdır. Məqsəd Suriya ilə Türkiyə arasında münasibətlərin bərpasına nail olmaqdır”, - deyə Rusiya rəsmisi vurğulayıb.

FRANSADA SEÇKİLƏR ZAMANI TƏHLÜKƏSİZLİK RİSKLƏRİ BARƏDƏ XƏBƏRDARLIQ

Fransa Daxili İşlər Nazirliyi Milli Assambleyaya keçiriləcək növbədənkənar seçkilər zamanı təhlükəsizlik riskləri, xüsusən də terror təhlükəsi barədə xəbərdarlıq edib. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

Açıqlamaya əsasən, səsvermə çoxsaylı təhlükəsizlik təhdidləri fonunda keçiriləcək və terror hücumları təhlükəsi son dərəcə yüksək olaraq qalmaqdadır.

Eyni zamanda, hüquq-mühafizə orqanları sosial şəbəkələrdə kiberhücumların və məlumatların manipulyasiyasının ola biləcəyini güman edir.

Xatırladaq ki, iyunun 9-da Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə məğlubiyyət fonunda Milli Assambleyanı buraxmaq qərarına gəlib. Növbədənkənar parlament seçkilərində səsvermənin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

POLŞA SIĞINACAQLARIN TİKİNTİSİNƏ 12 MİLYARD DOLLAR VƏSAİT XƏRCLƏYƏCƏK

Polşa hakimiyyəti şəxsi evlərdə sığınacaqların tikintisini, həmçinin Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin xəstəxanalarında yeraltı infrastrukturun yaradılmasını maliyyələşdirəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Rzeczpospolita” qəzeti Daxili İşlər Nazirliyinin hazırladığı “Əhalinin müdafiəsi və mülki müdafiə haqqında” qanun layihəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, bu məqsədlər üçün 2034-cü ilə qədər təxminən 50 milyard zloti (təxminən 12,5 milyard dollar) vəsaitin ayrılması planlaşdırılır.

Bununla yanaşı, verilən xəbərə görə, qurulacaq yeraltı tibbi-texniki infrastruktur əməliyyat otaqları, reanimasiya şöbələri və palatalarla təchiz olunacaq.

Məlumat üçün qeyd edək ki, Polşa yanğınsöndürmə xidmətinin 2023-cü il üçün məlumatına əsasən, ölkədə sığınacaqların ümumi sayı 300 mini keçib və onların əksəriyyəti işlək vəziyyətdə deyil. Sığınacaqlar eyni vaxtda təxminən 1,1 milyon insanı yerləşdirmək üçün nəzərdə tutulub.

NASA BEYNƏLXALQ KOSMİK STANSİYANI YERƏ ENDİRMƏYƏ HAZIRLAŞIR

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Beynəlxalq Kosmik Stansiyanı Yerə təhlükəsiz endirəcək vasitənin hazırlanması üçün ABŞ-ın kosmik gəmi və raket istehsalçısı “SpaceX” şirkəti ilə müqavilə imzalayıb. Bu barədə NASA “X” sosial media platformasında açıqlama yayıb.

Xəbər verilir ki, NASA ilə “SpaceX” arasında 2030-cu ildə missiyası bitdikdən sonra stansiyanın orbitdən çıxarılmasına imkan verəcək kosmik gəminin dizaynı üçün 843 milyon dollarlıq müqavilə imzalanıb.

Açıqlamaya görə, NASA rəsmiləri kosmik stansiyanın dünyanın insan məskunlaşan bölgələri üçün risk yaratmayacaq şəkildə inşa olunacaq yeni raketlə birlikdə okeanda batırmaq qərarına gəliblər.

Qeyd edək ki, kosmik stansiyanın inşası əvvəlcə 1984-cü ildə ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan tərəfindən təsdiqlənib. Sonra isə layihəni büdcəsi ilə birlikdə ABŞ Konqresi təsdiqləyib. 1984-1993-cü illərdə layihələndirilən stansiyanın müxtəlif elementləri ABŞ, Kanada, Yaponiya və Avropa ölkələri tərəfindən inşa olunmağa başlayıb. Daha sonra Beynəlxalq Kosmik Stansiyanın modernləşdirilməsinə Rusiya da dəvət olunub.

DÜNYADA ALKOQOLDAN ÖLÜM NİSBƏTİ YÜKSƏK OLARAQ QALMAQDADIR

Dünyada alkoqoldan ölüm halları qəbuledilməz dərəcədə yüksək olaraq qalmaqdadır. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir.

Açıqlamaya görə, yeni hesabatda alkoqol və narkotikdən istifadənin ictimai sağlamlığa təsiri ilə bağlı 2019-cu il məlumatlarına əsaslanan hərtərəfli yenilənmiş məlumat təqdim olunur.

2019-cu ildə spirtli içkilər 2,6 milyon insanın həyatına son qoyub ki, bu da həmin il qeydə alınmış bütün ölümlərin 4,7 faizinə bərabərdir. Özü də ən yüksək ölüm göstəriciləri Avropa və Afrika regionlarında qeydə alınıb.

Hesabata görə, 2019-cu ildə təxminən 400 milyon insan alkoqol və narkotik istifadəsi ilə əlaqədar yaranmış zehni pozğunluq ilə yaşayıb. Onlardan 209 milyonu alkoqol asılılığından əziyyət çəkib. Həmin il təxminən 600 min insan narkotik istifadəsi səbəbindən vəfat edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.