QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 19202122232426, 27 və 28 oktyabr tarixli saylarımızda)

29 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində 29 oktyabr - Türkiyə Cümhuriyyət Bayramı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Türkiyə Cümhuriyyət Bayramı. Bir millət, iki dövlət. Qardaş Türkiyə xalqını təbrik edirik!".

 ***

Rusiya Federasiyasının prezidenti Vladimir Putin "VTB Kapitala" "Rossiya zovyot!" İnvestisiya Forumunun iclasında deyib: "Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayonun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir və Azərbaycan deyir: bizim bu əraziləri özümüzə qaytarmaq və Dağlıq Qarabağla münasibətləri aydınlaşdırmaq hüququmuz var". Rusiya lideri sonda deyib: "İnsanların həlak olmasına son qoymaq, danışıqlar masası arxasına keçmək və Minsk qrupu tərəfindən, onun həmsədrləri - Rusiya, ABŞ, Fransa tərəfindən ifadə edilmiş təkliflər əsasında həmin Minsk qrupunun digər üzvlərinin, - orada çox ölkə var, Türkiyə, bəzi Avropa dövlətləri, - iştirakı ilə konsensus və mənafelər balansını tapmaq lazımdır. Bunu etmək olar".

 ***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Respublika Günü münasibətilə rəsmi "Instagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Qardaş Türkiyə xalqını 29 Oktyabr - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır... Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzulayıram. Uca Tanrı xalqlarımızı qorusun!".

 ***

"The New-York Times" qəzetinin jurnalistləri Ermənistanın Azərbaycanın Bərdə şəhərinə raket hücumu ilə bağlı reportaj hazırlayıb. Reportajda Bərdədə partlayış anı və partlayışdan sonra şəhərdə yaranan vəziyyət təsvir olunub. Müxbirlər hadisədən zərər çəkmiş sakinlərin fikirlərini də qeyd ediblər.

Bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Ermənistan 1 milyona yaxın azərbaycanlını öz yurdundan didərgin salıb. İndi Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün genişmiqyaslı əks-hücum həyata keçirir.

 ***

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov ermənilərin Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib: "Biz iki ədəd raketin qalıqlarını tapmışıq. Bu raketlərin beynəlxalq konvensiyalara görə dinc əhaliyə qarşı istifadəsi qadağandır. Ermənilər bundan əvvəl də bu tipli raketləri Goranboy və Ağcabədiyə atıb. Düşmən açıq şəkildə dinc əhalini hədəfə alıb".

(davamı növbəti saylarımızda)