“İnterfax”: İyunda Azərbaycan və Əlcəzair enerji işçi qrupunun ilk iclası keçiriləcək
Diaspora

“İnterfax”: İyunda Azərbaycan və Əlcəzair enerji işçi qrupunun ilk iclası keçiriləcək

“İnterfax” xəbər verir ki, Azərbaycan Energetika Nazirliyindən verilən məlumata əsasən, “Bakı Enerji Həftəsi” çərçivəsində iyunda Bakıda energetika üzrə işçi qrupunun ilk iclası keçiriləcək. İşçi qrupu neft-qaz sektorunda, eləcə də bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığı müzakirə edəcək.

Xatırladılıb ki, 2022-ci il noyabrın 29-da Azərbaycan və Əlcəzair arasında neft-qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası anlaşma memorandumu imzalanıb. Memorandum quruda və dənizdə karbohidrogenlərin kəşfiyyatı və hasilatı, karbohidrogen layihələrinin inkişafı və neft-kimya sənayesi, o cümlədən marketinq və daşınma sahələrində əməkdaşlığa çağırır. Memorandumda, həmçinin “Azeri Light” markalı xam neftin və digər xam neft növlərinin daşınması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və hidrogenin nəqli üzrə tədqiqatların aparılması, neft-qaz sektorunda tənzimləyici və idarəetmə müəssisələrinin təşkili və yaradılması nəzərdə tutulur.

Memorandumun müddəaları birgə işçi qrupu tərəfindən həyata keçiriləcək.

Töhfə SƏMƏDOVA,

“Respublika”.