QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 1920 21 oktyabr tarixli saylarımızda)

22 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev Ermənistanın mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərdən söz açıb, ermənilərin işğal olunmuş rayonlardakı vandalizmindən danışıb: "Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb".

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib: "Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

***

A zərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib: "Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir". Prezident həmçinin yazıb: "Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan ordusuna!"

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə müsahibə verib. Mehriban Əliyeva deyib: "İnformasiya məkanında fəallıq göstərmək barədə çağırışıma qoşulan hər kəsə təşəkkür etmək istəyirəm. Biz daim yadda saxlamalıyıq ki, qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatları bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Mən bizim gənclərimizin, vətəndaşlarımızın erməni təbliğatının feyklərini necə ifşa etdiklərini, erməni təcavüzü haqqında həqiqəti bütün mümkün platformalarda beynəlxalq ictimaiyyətə necə çatdırdıqlarını görürəm. Onların haqq səsi tarixin saxtalaşdırılması hallarını aşkar etməyə və tamamilə əsassız, açıq-aydın yalan, təhrikçi materialların yayılmasının qarşısını almağa kömək edir. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm, onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur".

***

"İşğal altındakı torpaqlarını düşməndən azad etmək üçün apardığı mübarizədə Azərbaycanı qeyd-şərtsiz dəstəkləyirik. Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir". Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin bu fikirləri Türkiyənin kütləvi informasiya vasitələrində geniş yayılıb. Baş katib deyib: "Ermənistanın mülki azərbaycanlı əhalini hədəf almasını, eləcə də Gəncəyə ballistik raket hücumunu şiddətlə qınayırıq və beynəlxalq ictimaiyyəti də bu cinayəti qınamağa çağırırıq... Biz bu mübarizədə Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana zəfər və sülh arzulayırıq".

***

Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: "Səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.

(davamı növbəti saylarımızda)