QARABAĞ AZƏRBAYCANDIR!
SİYASƏT

QARABAĞ AZƏRBAYCANDIR!

TARiXi 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,13 14 oktyabr tarixli saylarımızda)

15 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" qələbə müjdəli paylaşım edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib. Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı suala cavab verərkən dövlət başçısı deyib: "Bizim üstünlüyümüz odur ki, Türkiyə və Azərbaycan prezidentləri - əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə birlikdə ortaq tarix, etnik köklər və dil üzərində elə bir möhkəm bina inşa etdik ki, bu, əbədi olacaq. Bizdən sonra gələn nəsillər də hərəsi bu binanın üstünə bir daş qoyarsa, bu, möhtəşəm bir bina olacaq - Türkiyə-Azərbaycan qardaşlığı binası".

***

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib. Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən xarici muzdluların iştirakı ilə bağlı yayılan xəbərə münasibət bildirən Prezident deyib: "Bu mövzuda dəfələrlə danışmışam. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər".

(davamı növbəti saylarımızda)