QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,161719 oktyabr tarixli saylarımızda)

20 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident deyib: "Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!".

***

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında paylaşım edib. Paylaşımda deyilir: "Azərbaycan Ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi. Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

***

Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: "Azərbaycan Ordusunun artilleriya bölmələri Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə cavab zərbələri endirir. Axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

***

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev qurumun 21 min 500 üzvü adından beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Ermənistanın hərbi-siyasi rəhbərliyi terroru dövlət siyasəti vasitəsinə çevirib. Terrorçu dövlətə qarşı milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə adekvat tədbirlər görülməli, mülki əhaliyə qarşı hərbi cinayət törədənlər ədalət mühakiməsinə cəlb edilməlidir".

(davamı növbəti saylarımızda)