QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 89 10 oktyabr tarixli saylarımızda)

12 oktyabr 2020-ci il

Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində Azərbaycan mövqelərinə hücum cəhdi göstərib. Bu döyüşlərdə düşmən ağır itkilər verib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verib. Müsahibədə Moskvada atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Gəncənin atəşə tutulması barədə deyib: "Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur. Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman edilmişdir".

***

Dövlət başçısı özünün "Twitter" hesabında yazıb: "Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır". Prezident qeyd edib ki, Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi "İnstagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edir. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir.

Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib. Əldə olunan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub.

Bizim şəhərlərin və kəndlərin atəşə tutulması, demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb.

Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram.

Əziz həmvətənlər!

Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!”.

(davamı növbəti saylarımızda)