QARABAĞ AZƏRBAYCANDIR!
SİYASƏT

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan tarpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

 

(əvvəli 1, 2, 3, 56 oktyabr tarixli saylarımızda)

7 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub. Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib. Dövlətimizin başçısı Rusiya prezidentini ad günü münasibətilə təbrik edib, ona Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.

***

Prezident İlham Əliyev Rusiyanın “Pervıy kanal” televiziyasına müsahibə verib.

Ölkə başçısı həmçinin “CNN-Türk” və “Euronews” televiziya kanallarına da müsahibə verib.

***

Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibə verib. Müsahibədə Rusiya dövlət başçısı xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müqavilə çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var: “Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır”.

***

Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. O bildirib ki, əks-hücum əməliyyatları başlayandan bu günədək ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşi raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi və xeyli sayda şəxsi heyəti məhv edilib.

***

Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Rayonun Xındırıstan kəndi ərazisində fərdi evə mərmi düşməsi nəticəsində bir nəfər kənd sakini həlak olub, evə külli miqdarda ziyan dəyib.

(davamı növbəti saylarımızda)