“Budapesttimes.hu”: Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayır
İqtisadiyyat

“Budapesttimes.hu”: Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayır

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto cümə axşamı Bakıda bildirib ki, tarixdə ilk dəfə olaraq Azərbaycandan Macarıstana təbii qazın tədarükünə başlanılıb və bu da Macarıstanın enerji təchizatı sahəsində şaxələndirməyə böyük töhfə verir.

Bu barədə “The Budapest Times” xəbər saytı məlumat verib. O, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə apardığı danışıqlardan sonra qeyd edib ki, şaxələndirmə problemi qismən də olsa Azərbaycanın sayəsində həllini tapıb. Belə ki, həmin ölkədən 55 milyon kubmetr həcmində təbii qazın nəqlinə başlanılıb.

“Bir neçə ildən sonra Azərbaycanın bərpa olunan enerjisi də Macarıstanın enerji kompleksinin bir hissəsinə çevrilə bilər. Dünyanın ən uzun sualtı kabelinin tikintisi ilə artıq Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycanın birgə öhdəliyi var”. Bu sözləri nazir Peter Siyarto Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında söyləyib.

Röya RÜSTƏMLİ,

“Respublika”.