QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 6, 7 və 8 oktyabr tarixli saylarımızda)

9 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadrut qəsəbəsinin, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərinin işğaldan azad olunması və ermənilərin itkiləri barədə məlumat verib: 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, - 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repllent” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan qurğusu, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN İnternational” televiziya kanalının “Connect the World” verilişində çıxış edib. “Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı? - sualına cavab verən dövlətimizin başçısı bildirib: “Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədlərinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sky News” televiziya kanalına müsahibə verib, həmçinin Fransa Respublikasının prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

***

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi, Tərtər rayonunun inzibati mərkəzi Ermənistan silahlı qüvvələri tərəfindən top atəşinə tutulub, eyni zamanda Ağdam rayonunun Quzanlı qəsəbəsi raket və artilleriya atəşinə məruz qalıb. Dinc sakinlər arasında yaralananlar olub.

(davamı növbəti saylarımızda)