QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan tarpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1 oktyabr tarixli sayımızda)

29 sentyabr 2020-ci il

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhəboyu gərgin döyüşlər davam edib. Ermənistan silahlı birləşmələri Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqeləri qaytarmaq üçün dəfələrlə hücum cəhdi göstərib. Səhər saatlarında Azərbaycan Ordusu Füzuli şəhərinə doğru irəliləməkdə davam edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmaq tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir.

Dövlət başçısı bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

***

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-1" telekanalının suallarını cavablandırıb, o cümlədən Türkiyə Hərbi Hava Qüvvələrinin Qarabağdakı döyüş əməliyyatlarında iştirak edib-etmədiyi məsələsinə aydınlıq gətirib. "Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir", - deyə Prezident bildirib. Həmçinin əlavə edib ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.

30 sentyabr 2020-ci il

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

Prezident İlham Əliyev yaralı əsgərlərə müraciət edərək bildirib: "Siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik... Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib!".

***

Həmin gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın növbəti silahlı təxribatına dair sosial şəbəkə səhifələrində paylaşım edib. Paylaşımda deyilir: "Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!".

(davamı növbəti saylarımızda)