QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,13141516 oktyabr tarixli saylarımızda)

17 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib: "Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq...".

***

Gecə Gəncənin yaşayış binalarına iki raket zərbəsi endirilib. Eyni vaxtda Mingəçevir şəhəri də raket zərbəsinə məruz qalıb, lakin raketlər Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Atəş Ermənistan ərazisindən açılıb.

***

Azərbaycan Ordusu tərəfindən cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib.

Cəbrayıl rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistana məxsus 1 ədəd Su-25 təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələrinin dəqiq atəşi ilə zərərsizləşdirilib.

***

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bütün dünya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ərazi bütövlüyünün bərpasını təmin etmək, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağı və yeddi ətraf rayonu azad etmək məqsədilə Azərbaycan ərazisində hərbi əməliyyatlar keçirir. Erməni tərəfinin təcavüzü çoxsaylı mülki şəxslərin ölümü ilə nəticələnib... Biz dünyanın bütün konstitusiya nəzarəti orqanlarını, eləcə də bütün beynəlxalq təşkilatları Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə cinayətlərini qınamağa çağırırıq".

***

İspaniyanın qocaman nəşrlərindən biri olan "La Vanguardia" da "Azərbaycanda bir neçə şəhərin işğaldan azad edilməsi elan olunub" sərlövhəli məqalə dərc edilib. İspan nəşri Azərbaycan Prezidenti İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciətində Ermənistan tərəfindən işğal edilmiş Füzuli şəhərinin və Füzili rayonunun bir neçə yaşayış məntəqəsinin azad olunmasını elan etməsini diqqətə çatdırıb.

18 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində yazıb: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi "Twitter" səhifəsində 18 oktyabr-Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb. Türkiyə Prezidentinin paylaşımında qeyd olunub: Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr-Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik".

***

Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi "Twtter" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Uşaq-böyük demədən günahsız insanları öldürürlər. Bu vəhşiliyə səssiz qalmaq bu cinayətlərə şərik olmaq deməkdir. İnsan olmağı bacarmayanlar törətdikləri cinayətin hesabını verəcəklər. Can Azərbaycanın daim yanındayıq".

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi "İnstagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir - mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs, heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!".

***

Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna raket atılıb. Raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib. Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb. Xəsarət alan olmayıb.

Əraziyə cəlb olunan Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları bir ədəd "S-300" raketinin partlamış qalıqlarını aşkarlayıblar. "S-300" raketinin qalıqlarına baxış zamanı onun 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malik olduğu müəyyənləşib.

***

Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Brifinqdə deyilib: "Son sutka ərzində düşmən ağır itkilərə məruz qalıb. Belə ki, düşmənin 2 ədəd "S-300" ZRK, 3 ədəd BM-21 "Qrad" YARS, 2 ədəd "Smerç" yaylım atəşli raket sistemi, beşdən çox tankı, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikası və canlı qüvvəsi məhv edilib".

***

Xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cosef Borel ilə telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov humanitar atəşkəs barədə ikinci razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu ali nümayəndənin diqqətinə çatdırıb. Ali nümayəndə Cosef Borel hər iki tərəf ilə razılaşdırılmış humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və münaqişənin həlli üçün mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.

(davamı növbəti saylarımızda)