QARABAĞ AZƏRBAYCANDIR!
SİYASƏT

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan tarpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

 

(əvvəli 1, 23 oktyabr tarixli saylarımızda)

3 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib: "Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır!".

***

Ağır, qanlı döyüşlərdən sonra düşmənin müdafiə xəttinin mühüm qovşaqları Talış və Madagiz kəndləri azad edilib. Azərbaycan Prezidenti Madagizin tarixi "Suqovuşan" adını bərpa edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Dövlətimizin başçısı bildirib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

***

Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murovdağ istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunu və qələbə əzmini daha da artırır.

***

Azərbaycan Ordusu gün ərzində Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad edib. Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

***

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin iştirakı ilə oktyabrın 3-də Prezident Administrasiyasında "Milli həmrəylik - siyasi dialoqun nəticəsi" adlı videokonfrans formatda görüş keçirilib. Tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə, Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdirib, Azərbaycan Ordusuna, Ali Baş Komandana dəstəklərini ifadə ediblər.

 

4 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ordumuzun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı daxil olan çoxsaylı müraciətlərlə əlaqədar ölkə əhalisinə müraciət edib. Müraciətdə bildirilib ki, Azərbaycan ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri hərtərəfli tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.

***

“Əl-Cəzirə” telekanalı Ermənistan silahlı qüvvələrinin Tərtərdə mülki obyektləri atəşə tutması ilə bağlı reportaj yayımlayıb. Reportajda rayonda məskunlaşan məcburi köçkünlərdən müsahibələr yer alıb. Bildirilib ki, onların doğma torpaqları 30 ildir Ermənistanın işğalı altındadır. Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan hücumları nəticəsində Tərtərdə xeyli ailənin evlərinə ziyan vurulub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edən dövlət başçısı deyib: “Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib. O qeyd edib ki: “Vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir”.

***

Saat 22:00 radələrində Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinə raket hücumu edib. Şəhərə dörd ədəd “Toçka-U” ortamənzilli ballistik raket buraxılıb. Raketlərdən 2-si partlamayıb, 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

Saat 23:00 radələrində isə Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli ortamənzilli raket atılıb. Ermənistan ordusu Tərtəri də ağır artilleriya atəşinə tutmaqda davam edib.

***

ABŞ -ın “The National İnterest” jurnalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü ilə bağlı məqaləsi dərc edilib. Müəllif baş verən hadisələrin dünya mətbuatında, xüsusilə Qərb mediasında ümumilikdə obyektiv işıqlandırılmadığını təəssüflə qeyd edib. Bildirib ki, ümumiyyətlə, münaqişə barədə yazan bir qrup Qərb alimi, mütəxəssisi və jurnalisti öz araşdırmalarında yalnız geosiyasi məqamlara nəzər salıb, ancaq ən vacib məsələyə, yəni beynəlxalq hüquqla bağlı susmağa üstünlük veriblər. Qərbin bəzi media qurumları feyk xəbərlər yayırlar ki, bu da erməni ultra millətçilərinin lobbiçilik səylərinə dəstək deməkdir.

5 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb: “Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli ağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı bildirib: “Biz yalnız Ermənistanın işğalçı ordusuna qarşı döyüşürük. Mülki əhaliyə qarşı heç vaxt döyüşməmişik. Bu gün də etmirik və etməyəcəyik”.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbəmizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində yazıb: “...Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik.

Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram. Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir”.

***

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. Səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin sıx yaşadığı məntəqələri atəşə tutub.

***

Gəncə şəhərinin atəşə tutulması ilə bağlı rusiyalı politoloq Aleksandr Ryabtsov, RF Dövlət Dumasının deputatı, “Rusiya-Azərbaycan” dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıblar: “Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket zərbələrinə məruz qalıb. Cəbhə xəttindən 60 kilometr məsafədə yerləşən şəhərin atəşə tutulması birmənalı olaraq məhz dinc sakinlərə zərbə endirmək, Azərbaycan xalqına ziyan vurmaq niyyəti daşıyır. Mahiyyətinə görə müharibə cinayəti olan bu hücum nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb”.

Bildirilib ki, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması onu göstərir ki, Ermənistan ordusu Azərbaycan əhalisinə münasibətdə terror siyasəti yeridir.

***

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin daha üç tankının məhv edilməsi ilə bağlı məlumat yayıb. Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşi reaktiv sistemi məhv edilib. Həmçinin 42-ci artilleriya alyının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edilib.

(davamı növbəti saylarımızda)