“The times of Central Asia”: Azərbaycan ilə Qırğızıstan iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
Diaspora

“The times of Central Asia”: Azərbaycan ilə Qırğızıstan iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir

“The times of Central Asia” xəbər saytı Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə dövlət səfəri çərçivəsində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclasında Prezident İlham Əliyevlə ikitərəfli danışıqlarda iştirak etdiyi barədə məlumat yayımlayıb. Məlumatda görüşün nəticəsi olaraq və münasibətlərin dərinləşdirilməsinə dair birgə bəyannamənin dəstəklənməsi məqsədilə liderlərin Azərbaycan və Qırğız Respublikası arasında strateji tərəfdaşlıq sazişi imzaladığı qeyd olunub. Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir: “Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir”. Dövlət başçısı Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsinin artımını yüksək qiymətləndirib və dövlətimizin Qırğızıstanda bərpa olunan enerji layihələrinə investisiya yatırmaqda maraqlı olduğunu bildirib.

Nəzrin ELDARQIZI,

“Respublika”.