Füzulidən uğurlu yolun başlanğıcı
Siyasət

Füzulidən uğurlu yolun başlanğıcı

Cənab Prezident İlham Əliyevin Almaniya səfərinin Füzuli Beynəlxalq Hava Limanından həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada çoxsaylı siyasi mesajlar mövcuddur. Düşünürəm ki, azad olunmuş ərazilərdən qlobal siyasətə marşrut çox yaxşı nəticələr verəcək. Həm də burada əsas diqqət buna ayrılır ki, bizim üçün işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıtması, onların bütün həyati vacib ehtiyaclarının dövlət tərəfindən qarşılanması çox vacibdir. Həm də Berlində keçiriləcək müzakirələr və dövlətimizin qarşısında duran iqlim dəyişmələri ilə bağlı prioritetlər, COP29 tədbirinin bu il payız aylarında ölkəmizdə keçirilməsi, şübhəsiz ki,  beynəlxalq müşahidəçilərin, analitiklərin də diqqətində olan məsələdir. Bundan sonra bu cür səfərlər çoxluq təşkil edə bilər. Həm Zəngilan, həm Füzuli, qarşıdakı dövrdə Laçın Beynəlxalq Hava Limanları müntəzəm marşrutlar üzrə fəaliyyət göstərəcək. Bölgəyə turist axını olacaq, infrastruktur daha da inkişaf edəcək. Həmçinin burada ixrac potensialı artacaq, logistik imkanlar genişlənəcək. Bölgənin təhlükəsizliyi bir qədər də möhkəmlənəcək. Bütün bunlar ölkəmizin çox qısa müddət ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Şübhəsiz ki, Füzuli- Berlin marşrutu qarşıdakı illərdə müəyyən olunmuş qrafik üzrə işləyəcək. Biz bunu arzulayır və ümid edirik. Cənab Prezident məhz ilk səfərini həyata keçirməklə çox uğurlu bir yolun başlanğıcını qoydu.

İlyas HÜSEYNOV,

politoloq.