QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan tarpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67 oktyabr tarixli saylarımızda)

8 oktyabr 2020-ci il

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Brifinqdə bildirilib ki, ordumuzun dəqiq atəş zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

***

Azərbaycan Müdafiə Nazirliyi erməni mənbələrinin guya Şuşada kilsəyə raket zərbəsi endirilməsi ilə bağlı yaydığı məlumatları şərh edərək bildirib ki, kilsənin zərər çəkməsi barədə xəbərlərin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililəri və abidələri hədəfə almır.

***

Rusiyanın “Rosbalt” federal analitik informasiya agentliyi yazıb: “Azərbaycan müharibədən əvvəl Ermənistan üzərində texniki üstünlüyə malik idi, indi isə sadəcə qalib gəlir. Artıq 10 gündür ki, Azərbaycan qoşunları təşəbbüsü əldə saxlayırlar, bu isə ciddi məsələdir. Ermənilər təşəbbüsü öz əllərinə ala bilmirlər. Erməni silahlı qüvvələrinin əks-zərbələr endirmək cəhdləri uğursuz olur”.

***

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarını artilleriya atəşinə tutub, Gəncə şəhərinə raket zərbələri endirib. Həmçinin Bərdə və Ağcabədi rayonlarının da kəndləri atəşə məruz qalıb.

(davamı növbəti saylarımızda)