QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 1920212223 24 oktyabr tarixli saylarımızda)

26 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Atəşkəs barədə razılaşmanın pozulmasına toxunan dövlət başçısı deyib: "Atəşkəs rejiminə gəldikdə, ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi. Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17-də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı".

***

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb, münaqişənin sülh yolu ilə həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə diqqət çəkilib. Nazir müavini X.Xələfov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü bildirib.

***

Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. "Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bölmələri oktyabrın 26-sı saat 08:00-dan qüvvəyə minmiş növbəti humanitar atəşkəs rejiminə bütün cəbhəboyu riayət edir" - deyən Anar Eyvazov bildirib: "Ermənistan silahlı qüvvələri saat 08:05-dən etibarən atəşkəsi kobud şəkildə pozaraq yaşayış məntəqələrini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Ümumilikdə gün ərzində Tərtər daxil olmaqla yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb.

(davamı növbəti saylarımızda)