Ekoloji problemlər aradan qaldırılır
Ekologiya

Ekoloji problemlər aradan qaldırılır

Azərbaycanda cari ilin noyabr ayında keçiriləcək COP29-a hazırlıq işləri sürətlə davam edir. Əlbəttə ki, BMT-nin növbəti İqlim Dəyişmələri Konfransının məhz dünyanın neft sənayesinin əsasının qoyulduğu bir şəhərdə, Bakıda keçirilməsi kifayət qədər rəmzi məna daşıyır. Bununla belə nəzərə almaq lazımdır ki, cənab Prezident İlham Əliyevin də dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, neft-qaz ehtiyatlarına sahib olmaq həmin ölkənin günahı deyil. Əksinə, bu, böyük bir nemətdir və əsas məsələ bu resurslardan necə istifadə olunmasıdır. Azərbaycanda qazıntı yanacağının ixracından əldə olunan gəlirlər ölkənin inkişafına, yoxsulluq səviyyəsinin azaldılmasına, sərvətin ədalətli paylanılmasına, həmçinin infrastruktur və “yaşıl enerji” layihələrinə yönəldilir. Buna görə də qazıntı yanacağı ehtiyatlarına malik olmaq həmin resursların düzgün istifadə olunacağı halda çox böyük şans deməkdir.

Aprelin 23-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Prezident İlham Əliyev ölkəmizin əslində ekoloji problemlərlə artıq çoxdan və kifayət qədər ciddi şəkildə məşğul olduğuna dair əhatəli açıqlamalar vermişdir: Tədbir iştirakçılarının suallarını cavablandıran dövlət başçısı Azərbaycanda ekoloji problemlərlə ciddi məşğul olunduğunu xüsusi qeyd edib. Ölkəmizin qarşılaşdığı belə problemlərdən biri də Xəzərin suyunun getdikcə azalmasıdır. Xüsusi diqqət ediləcək məqam budur ki, bu tendensiya eyni zamanda həm ekoloji, həm də iqtisadi problemlər yaradır. Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, məsələn, Orta Dəhliz üzərində yerləşən ölkələr kommunikasiya layihələri ilə bağlı ciddi problemlər yaşayacaqlar. Çünki bu önəmli transmilli layihə məhz Xəzər dənizindən keçir. Dənizin geri çəkilməsinin əsas səbəblərindən biri isə Xəzər üçün əsas su mənbəyi olan Volqa çayında suyun azalmasıdır. Beləliklə, Xəzər dənizinin geri çəkilməsi iqlim dəyişmələri səbəbindən deyil, həm də Volqa çayının Xəzər dənizini lazımi qədər su ilə təmin etməməsindədir ki, bu da artıq çoxtərəfli əməkdaşlıq məsələsidir. Azərbaycan Xəzər sahillərinin özünə aid hissəsində ekoloji sistemin bərpası və mühafizəsi baxımından kifayət qədər işlər görür. Xüsusilə, Abşeron yarımadasının təmizlənməsi hazırda dövlətin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdəndir. Bunun bariz nümunələrindən biri əlbəttə ki, Ağ Şəhər layihəsidir. Həmçinin vaxtilə çox bərbad vəziyyətə salınmış Bibiheybət buxtası bu gün artıq Bakının ən yaşıl ərazilərindən biridir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.