Xalqın haqq səsini boğmaq cəhdləri - bədnam kod “Udar”
Siyasət

Xalqın haqq səsini boğmaq cəhdləri - bədnam kod “Udar”

1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başladı. Qarabağda ermənilərin törətdiyi cinayətlərin, günahsız insanların öldürülməsinin dayandırılması tələbi ilə 1990-cı il yanvarın 16-da Bakıda və bir sıra rayonlarda mitinqlər keçirildi. Qarabağda artmaqda olan gərginliyin qarşısını almaq əvəzinə sovet rəhbərliyi dəhşətli cinayət işlətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin baş katibi Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Fövqəladə vəziyyət rejiminin tətbiq edilməsindən əhalinin xəbər tutmaması üçün yanvarın 19-u saat 19:27-də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "Alfa" qrupu Azərbaycan Televiziyasının enerji blokunu partlatdı.

Yanvarın 19-u saat 23:00-da Sovet qoşunları Bakıda "Udar" kod adı altında əməliyyata başladılar. Sovet Ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Fövqəladə vəziyyətin elan edilməsilə bağlı xəbəri əhali yalnız səhər saat 05:30-da xarici radiostansiyalardan və vertolyotlardan atılmış vərəqələrdən öyrəndi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək artıq 82 nəfər amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı.

Faciə nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Həlak olanların arasında qadınlar, uşaqlar,  qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri vardı. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olundu. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında 841 nəfər qanunsuz həbs edildi. Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə "Nürnberq prosesi" kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əməllər müşahidə olunub.

1990-cı il yanvar qurbanları 20 Yanvar şəhidi adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər 20 yanvar şəhidi var. Faciədən dərhal sonra 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və bu əməliyyata rəhbərlik edənləri ifşa etdi. Sovet İttifaqının o vaxtkı siyasi rəhbərliyinin cinayətkar mahiyyətini və anti-Azərbaycan maraqlarını dərk edən ulu öndər Heydər Əliyev yaradılan bütün maneələrə rəğmən belə ağır vəziyyətdə öz xalqının yanında olmaq üçün Vətənə döndü və  Azərbaycan xalqının böyük etimadı nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Elə həmin il noyabrın 22-də ümummilli lider Ali Məclisin sessiyasında Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi. Yanvar faciəsi Ümumxalq Hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin, sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, xalq yanvarın 22-də paytaxtda 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər Xiyabanındakı dəfn mərasimində iki milyona yaxın insan iştirak etdi.

Hər il faciənin ildönümü böyük izdihamla qeyd edilir. Xalq istiqlal fədailərinin məzarlarına faciənin rəmzinə çevrilmiş al qərənfillər düzür, onları qürur və ehtiramla yad edir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

O qaranlıq zülmət gecədə şəhid olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi və firavan həyatı üçün yol açdılar. Bu yolu açanların sırasında 13 yaşlı Larisa da var. 134 saylı orta məktəbin yeddinci sinif şagirdi Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdu. 1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə Larisa atası Fərman Məmmədovun idarə etdiyi maşında atəşə tutulur. O gecə həyatına son qoyulan, qönçə ömrü yarımçıq qalanlardan biri də məhz Larisa olur. Hər il 20 yanvar ərəfəsində təhsil aldığı məktəbdə hər kəs Larisadan danışır, onun xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. 134 saylı məktəbdə onun adını daşıyan şagird təşkilatı fəaliyyət göstərir. Bunlar bir daha əminlik yaradır ki, bu balaca qız ürəklərdə əbədi yaşayır və yaşayacaqdır.

Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Adları ilə ürəklərdə əbədi iz salan İlhamla Fərizə də 20 Yanvar qurbanlarındandır. 1989-cu il martın 19-da nişanlanan Fərizə ilə İlham və elə həmin ilin 30 iyununda ailə qururlar. Həmin qanlı gecədə Fərizəni anasının evinə gətirən İlham dostları ilə birlikdə insanlara yardım üçün küçəyə çıxır və atəş aça-aça gələn tanklarla qarşılaşır. İnsanları qətlə yetirəcəklərini görən İlham əlini qaldırıb tankın qarşısına çıxır. Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. O, xəstəxanaya 00:10-da qəbul edilir. Həkimlər onun üzərində əməliyyat aparsalar da, İlhamı xilas edə bilmirlər. İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur. Güllələr atılanda onu vurduqlarını deyir. Daha sonra acı xəbəri eşidən Fərizə bütün bu yaşananlara tab gətirə bilmir və intihar etmək istəyir. Birinci dəfə özünü yandırmaq istəsə də, qarşısını alırlar. Lakin Fərizə yenidən toy şəkillərini stolun üstünə töküb, onlara baxıb yarımçıq məktub yazır: "Ana mənim üçün ağlama. heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmirəm". Fərizə gecə hər kəs yatandan sonra intihar edir və bətnində iki aylıq körpəsi ilə birlikdə İlhama qovuşur.

İndi Şəhidlər Xiyabanına ziyarətə gələnlər burada yanaşı uyuyan  İlham və Fərizənin məzarları önündə daha çox ayaq saxlayırlar. İlhamın cəsarəti, Fərizənin isə sədaqəti qarşısında baş əyirlər. Dünya durduqca bu, belə də davam edəcək. Çünki Fərizə məhəbbətinə, sevgisinə olan sonsuz sədaqəti ilə bütün zamanlara qalib gələrək əbədilik qazanıb, qəlblərə köçərək ölməzlik nümunəsi yaradıb, sevgiyə, sədaqətin əbədi heykəlini ucaldıb. Belə cəsarətli insanlar isə heç vaxt unudulmurlar və əsla unudulmayacaqlar.

Tacir SADIQOV,

"Respublika".