QARABAĞ AZƏRBAYCANDIR!
SİYASƏT

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,1314 15 oktyabr tarixli saylarımızda)

16 oktyabr 2020-ci il

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "A Haber" televiziya    kanalına müsahibə verib. Dövlət başçısı müxbirin: "İstiqaməti Şuşa olaraqmı verdiniz? - sualına: "İstiqamət hər tərəfədir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi" - deyə cavab verib.

***

Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edib.

27 ildən sonra azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı və Mahmudlu sərhəd zastavalarında Dövlət Sərhəd Xidmətinin Qoşunları xidməti-döyüş fəaliyyətinə başlayıb.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan? Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin".

***

Azərbaycan Ordusunun əks-əməliyyat tədbirləri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 "Qrad" YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 "Şilka" özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib. Həmin gün Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə məruz qoyub.

***

Misirin "Egyptonline" informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsindən sitatlar yayıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti cəmi 1,5 milyard dollar valyuta ehtiyatına malik və 8 milyard dollar xarici borcu olan Ermənistanın artıq bir dövlət kimi iflasa uğradığını, müharibənin davam edəcəyi təqdirdə bütün ordusunun məhv ediləcəyini bildirib.

***

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqqında yazdığı məqalə ABŞ-ın nüfuzlu "Los-Angeles Times" qəzetində dərc edilib.

Məqalədə baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğunu və bunun beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edildiyini diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, ABŞ və digər böyük dövlətlər beynəlxalq hüququn aliliyini təmin edərək, iki ölkə arasında sülhün bərqərar olması üçün Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarının çıxarılması ilə bağlı Ermənistana təzyiq göstərməlidir.

(davamı növbəti saylarımızda)