“Yaşıl gündəliyini
Siyasət

“Yaşıl gündəliyini" dünyaya nümayiş etdirən Azərbaycan

İyunun 21-də "Euronews" telekanalında Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərindən reportaj yayımlanıb.

Reportajda Prezident İlham Əliyevin "Euronews"a müsahibəsi də yer alıb və dövlətimizin başçısı "Masdar", "ACWA Power" şirkətləri ilə böyük tərəfdaşlıq münasibətlərindən də bəhs edib.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-la Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında üç bərpaolunan enerji layihəsi üzrə Səhmdarlar Sazişi imzalanıb. Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaları layihələrini əhatə edir. İmzalama mərasimində SOCAR-la "Masdar" şirkəti arasında bərpaolunan enerji mənbələri sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədi daşıdığı diqqətə çatdırılıb.

Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən 300-dən çox iştirakçının olması konfransın enerji sektorunda qlobal liderliyini əks etdirir.

Xatırladaq ki, bu tədbir ilk dəfə 1994-cü ildə təşkil olunub. Ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxanda görünür ki, iştirakçıların sayında artım var. Bütün bu amillər tədbiri müxtəlif məsələlərin həll olunduğu inklüziv platformaya çevirir.

Bərpaolunan enerji sahəsində işə başlanıldı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə "yaşıl enerji" sahələrində uğurlara imza atılır.

Azərbaycanın tədbirə ev sahibliyi edən ölkə kimi əsas məqsədlərindən biri həmrəylik yaratmaqdır.

Xatırladaq ki, iyunun 2-də işə başlayan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirdi. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edildi.

Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya nümayəndələri iştirak edirdilər. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfə idi ki, tədbirə qatılırdılar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yeniləndi. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılar idi. Sərgi sahəsinin 40 faizi tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib: "Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir - neft, qaz, emal, ixrac və əlbəttə ki, "yaşıl enerji".

Ölkə başçısı Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışaraq, "Şahdəniz" layihəsinin qaza olan qıtlığı aradan qaldırdığını bildirib. Bu il ölkənin ixracı 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan artıq qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır.

Mütəxəssislərin qənaətinə görə, 2027-ci ilin sonunda Azərbaycanda 2 qiqavat bərpaolunan enerji əldə olunacaq. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıc hesab olunur. Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra Qarabağ və Şərqi Zəngəzurda 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilib. Hesablamalara görə, bu rəqəm 500 meqavata çatdırılacaq. Yəni 1 qiqavat bərpaolunan enerji 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.

Bakı Enerji Həftəsinin açılış mərasiminə məktub göndərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirin ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verməsini arzulayıb. Azərbaycanda həyata keçirilən enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan Türkiyə Prezidenti qeyd edib ki, Türkmənistan qazının ixracı artıq zaman məsələsidir və bu, Türkiyə və Azərbaycanın ortaq uğuru olacaq. O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Orta dəhliz üçün strateji önəmə malikdir. Enerji mənbələrin şaxələndirilməsi üçün Azərbaycanla birgə çalışır, Naxçıvana qaz kəmərinin çəkilişini yaxın zamanda tamamlayacaqlar. Azərbaycan-Ermənistanın münasibətlərinin normallaşması istiqamətində addımları alqışlayır və imzalanması gözlənilən sülh sazişini tarixi fürsət sayırlar.

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero bildirib ki, Avropa energetika sahəsində Azərbaycanla tərəfdaşlığa böyük əhəmiyyət verir və bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. O bildirib ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və energetika üzrə komissar Kadri Simson enerji sahəsində strateji əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya ixrac olunan təbii qazı 2021-ci ildə 40 faiz artıb, bu, bizə enerji böhranından xilas olmağa kömək edir. O, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl dəhliz təşəbbüsünü və digər ölkələrin də bu tədbirdə iştirakda maraqlı olduqlarını qeyd edib. Avropa İttifaqının COP29-un qlobal uğur qazanması sayəsində dəstək olacağını tam əminliklə vurğulayıb.

Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

Bundan əlavə, SOCAR-la Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. Həmin müqavilələr iki ölkə hökumətləri arasında 14 may 2024-cü il tarixində imzalanmış "Təbii qaz sahəsində Əməkdaşlıq haqqında" Sazişdən irəli gələrək, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.

Mərasimdə, həmçinin Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ arasında "Şahdəniz" yatağından qazın Türkiyəyə təchizatının davam etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb. Azərbaycan və Türkiyə arasında imzalanan "Şahdəniz-1" yatağından Azərbaycan qazının tədarükünə dair uzadılmış sazişə əsasən, 2030-cu ilə qədər Türkiyəyə tədarükün həcmi ildə 3,5 milyard kubmetr təşkil edəcək.

Bayram SALMANOV,

"Respublika".