Dost, qardaş ölkələr arasında həmrəylik münasibətləri 15 noyabr 1983-cü ildə Şimali Kipr Türk Respublikası elan edilmişdir
Siyasət

Dost, qardaş ölkələr arasında həmrəylik münasibətləri 15 noyabr 1983-cü ildə Şimali Kipr Türk Respublikası elan edilmişdir

Türk dövlətləri arasında sarsılmaz əlaqələrin təməlində ortaq soy-kök, adət-ənənə, dil, folklor, din və s. amillər dayanır. Türk dünyasının birliyinə söykənən əlaqələrin genişlənməsinə möhkəm zəmin yaradan bu faktorlar dili bir, dini bir olan xalqların mədəni irsinin qorunmasında və nəsillərdən-nəsillərə ötürülməsində əvəzsiz rol oynayır. Dost, qardaş türk dövlətləri arasında məhdudlaşmayan münasibətlər, ümumtürk birliyi müstəqil əlaqələrin yaranmasına, səmərəli əməkdaşlığa, inkişafa geniş imkanlar açır. Hazırda Şimali Kipr Respublikası ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyması türk həmrəyliyinin bariz nümunəsidir.

1960-cı ildə Kipr adasında rumlardan və türklərdən ibarət müştərək Kipr Cümhuriyyəti qurulmuş, lakin qısa müddətdən sonra rumlar türkləri silah gücü ilə ölkədən çıxararaq Kipr Respublikasını yunan dövlətinə çevirmiş və Kiprdə yeganə qanuni hökumət yunan hakimiyyəti olaraq tanınmışdı. Rumlar 1963-cü ildə Kipr türklərinə qarşı qətliamlar törətməklə adanı türksüzləşdirmək və Kipri Yunanıstana birləşdirmək planını reallaşdırmaq istəyirdilər. Lakin 1963-1974-cü illərdə Kipr türkləri böyük itkilər bahasına ölüm-qalım mübarizəsi aparmış və hüquqlarının qorunması uğrunda mücadilə etmişlər. 1974-cü ildə rumlar Kipr Respublikasını Yunanıstana birləşdirmək istəsələr də, o zamanlar Türkiyədə Bülent Ecevitin baş nazirliyində koalisiya hökuməti sülh hərəkatına başlamış və Kipr türklərini tamamilə məhv olmaq təhlükəsindən xilas etmişdir. 15 noyabr 1983-cü ildə Şimali Kipr Türk Respublikasının qurucusu olan Rauf Denktaş Məclis vasitəsilə Şimali Kipr Türk Respublikasını elan etmişdir.

1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti adlandırılan Şimali Kipr Türk Respublikası (Kuzey Kıbrıs Türk Cumhuriyyəti) 1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmışdır. Respublika yalnız Türkiyə tərəfindən tanınmış və 1974-cü ildən etibarən adada türklərə qarşı irqçiliyin genişlənməsi və Yunanıstanın işğalçılıq planları səbəbindən türk ordusu Kipr adasında yerləşmişdir. Belə ki, həmin ildə rum-yunan birliyinin adanı Yunanıstana birləşdirmək məqsədilə həyata keçirdiyi çevrilişdən sonra Türkiyə beynəlxalq hüquq normalarına əsasən adaya müdaxilə etmiş və bununla da işğalçılıq planlarının qarşısı alınmışdır. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ölkəmizə səfəri zamanı bildirmişdir ki, Şimali Kipr Respublikası dili, dini, irqi, keçmişi, mübarizəsi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə ayrıca bir dövlətdir: "Bu millət öz dövlətini qurub. O dövlət demokratik, müasir, Türkiyənin tanıdığı bir dövlətdir… Şimali Kipr Türk Cümhuriyyəti dediyimiz ərazidən 60 il əvvəl bizi silah gücü ilə çıxaranlara, bizə qarşı qətliam törədənlərə, bizi çadırlarda yaşamağa məcbur edənlərə qarşı mübarizə apararaq, Türkiyəmizin də dəstəyi ilə dövlət qurduq və 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra Kiprdə sülhə nail olunub… 1974-cü ildə türk əsgərinin gəlişi ilə adada bərqərar olunan sülhün davam etdirilməsi çox vacibdir". Müxtəlif sivilizasiyaları özündə birləşdirən Şimali Kipr Türk Cümhuriyyəti İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı yanında müşahidəçi statusuna malikdir.

1997-ci ildən etibarən Şimali Kipr Respublikasının ölkəmizdə nümayəndəliyinin yaradılması ilə ölkələr arasında turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində əlaqələr inkişaf etməyə başlamışdır.  Şimali Kipr-Azərbaycan əlaqələrinin günbəgün inkişaf etdiyini, xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə demişdir: "Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm. Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq".

Azərbaycan dövlətlər arasında iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardımların göstərilməsi ilə türk birliyinin möhkəmlənməsinə hər zaman töhfə vermiş və xarici siyasət prioritetləri arasında bu istiqaməti əsas götürmüşdür. Türk dünyası ilə əlaqələrini genişləndirən ölkəmiz Şimali Kiprlə bütün sahələrdə əlaqələrin inkişaf xəttini müəyyənləşdirir. Təhsil sahəsində qurulan əlaqələr hər iki ölkənin inkişaf perspektivlərində prioritet təşkil edir. Belə ki, bu gün Şimali Kiprdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır və çox sayda azərbaycanlı müəllim qardaş ölkənin təhsil müəssisələrində fəaliyyət göstərir. Qarşıdakı illərdə tələbələrlə yanaşı, müəllim mübadiləsinin təşkil olunması nəzərdə tutulur ki, bu da münasibətlərin daha da dərinləşməsində mühüm amil kimi qiymətləndirilir. İki ölkə arasında diplomatik əlaqələrin möhkəmləndirilməsi bütün sahələrdə, o cümlədən turizm və təhsil sektorunda əməkdaşlığın şaxələnməsinə zəmin yaradır.

Mehparə ƏLİYEVA,

"Respublika".