Müzəffər sərkərdə, qalib xalq
Siyasət

Müzəffər sərkərdə, qalib xalq

"Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".

Ali Baş Komandan, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçilərkən verdiyi anda sadiq qaldığını sübut etdi. 2003-cü ildən 2020-ci ilə qədər ordu quruculuğu ölkənin ən prioritet sahəsinə çevrildi. Siyasi-iqtisadi və hərbi istiqamətdə Prezident İlham Əliyevin keçmiş Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlarda bir əsas xətt keçirdi: "Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik". Orduda nizam-intizamın güclənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir silahların alınması və s. həmin məqsədə uyğun planlaşdırılırdı. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu və torpaqların işğaldan azad edilməsi üçün yaratdığı baza Ali Baş Komandan İlham Əliyevə geniş imkanlar verirdi. Ordunun yüksəlişi iqtisadi göstəricilərdən keçir. Bu səbəbdən inkişaf mərhələsinə paralel baxmamaq mümkün deyil. Bu məqsədlə rəqəmlərə belə baxanda görmək mümkün idi ki, ordunun formalaşması üçün ayrılan vəsait ilbəil artır. 2010-cu ildə hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsini arxada qoyaraq artan xətt üzrə gedirdi. 2011-ci ildə isə hərbi xərclər üçün 3,3 milyard dollar xərclənmişdi ki, bu da ordunun bütün istiqamətlərdə inkişafında öz sözünü deyirdi.

Ordu quruculuğu üçün çəkilən xərc müqabilində geniş islahatların aparılması da mümkün oldu. Silahlı Qüvvələrin peşəkarlığının artırılması məqsədilə hərbçilərimiz ölkə daxilində və xaricində təşkil edilən təlimlərə cəlb edilirdi. Bu, bizim hərb sisteminə dünya təcrübəsindən yararlanmaq şansı qazandırırdı. Ələlxüsus, Türkiyədə təşkil edilən müxtəlif təyinatlı təlimlərdə bizim hərbçilərin iştirakı, ordunu dünya standartlarına sürətlə yaxınlaşdırırdı. Bu səbəbdən döyüş qabiliyyətini daha yüksək səviyyəyə çatdırmaq üçün ixtisaslı mütəxəssislər silahlı qüvvələrə cəlb edilirdi. Şəxsi heyətin sırf döyüş hazırlığına cəlb edilməsi məqsədilə mülki vətəndaşların orduda işə cəlb olunması öz nəticələrini göstərdi. Son 10 il ərzində Silahlı Qüvvələrdə aparılan islahatlar Ali Baş Komandan İlham Əliyevin qurduğu strategiya ilə tam uzlaşırdı. Prezident İlham Əliyev Ali Baş Komandan olaraq ordunun necə və hansı şəraitdə mümkün döyüşləri aparacağını da hesablamışdı.

Bunun müqabilində mümkün müharibənin detallarını yeni tikilən poliqonlarda daim təlim keçməklə saf-çürük etmək mümkün idi. Keçirilən təlimlərin, cəlb edilən şəxsi heyət və texnikanın sayı, tərkibi də onu göstərirdi ki, ordu Ali Baş Komandanın əmrlərini yerinə yetirmək üçün hazırlanır. Ordu qarşısına qoyulacaq istənilən tapşırığı yerinə yetirmək iqtidarında olmalı idi. Bu səbəbdən peşəkarlıq və texniki təminatla paralel müdafiə sənayesi sisteminin qaydasına salınması Prezident İlham Əliyevin diqqət mərkəzində idi. Müdafiə sənayesi son illərdə sürətli sıçrayış edə bildi, yerli silah və sursat istehsalı ilə yanaşı, yüksək texnologiyalara xüsusi fikir verilirdi. Azərbaycan müttəfiqləri ilə sıx əlaqədə işləyərək XXI əsrin ordusunu silahlandırır. Beynəlxalq təşkilatlar Azərbaycan Ordusunun gücünü görür, bölgədə yeni güc mərkəzinin yaranmasını qəbul edirdi. 2020-ci il Vətən müharibəsində Ali Baş Komandanın əmri ilə ordu 44 günlük hərbi əməliyyatlarda nəyə qadir olduğunu göstərdi. Prezident İlham Əliyevin illər boyu çəkdiyi zəhmətin bəhrəsi özünü çox gözlətmədi. İllərlə keçirilən hazırlıqlar, təlimlər, silah və texnika tədarükü, xərclənən vəsait, sosial məişət və maddi vəziyyətin yaxşılaşdırılması, bir sözlə işğaldan azad olmaq üçün görülən hər bir iş həmin günlərdə özünü 44 gündə göstərməli idi. Göstərdi də. Ali Baş Komandan hər dəfə bir rayonun onlarla kəndin işğaldan azad olma xəbərini verəndə başa düşmək mümkün idi ki, illər əbəs keçməyib.

"Sən azadsan, əziz Şuşa! Biz qayıtmışıq". -  Bu müraciət isə illərlə çəkilən əziyyət və zəhmətin mükafatı idi. Ərazilərimiz düşməndən azad edildi. Ali Baş Komandan, hər birimizə verilən sözün üstündə durmaq və onu yerinə yetirmək üçün nə etmək lazımdır dərsini keçdi, uğur və qələbənin formulunu göstərdi.

"Sadəcə olaraq dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır... Hər gün Qarabağ məsələsi mənim prezident kimi gündəliyimdə birinci məsələdir. Hər gün və hər gün fikirləşirdim ki, bu qələbəni əldə etmək üçün torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır".

Prezidentin ordu və xalqa inamı xalqın və ordunun Ali Baş Komandana olan inamı ilə üst-üstə düşür. Ali Baş Komandanın hərbi hissələrə, işğaldan azad olunan ərazilərə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhvali-ruhiyyəsini yüksəldən amillər sırasındadır. Silahlı Qüvvələrə mübarizlik əzmi aşılamaqla Ali Baş Komandan İlham Əliyev bir daha ordunun daim diqqət mərkəzində olduğunu və qayğısını əsirgəmədiyini nümayiş etdirir. Silahlı Qüvvələr Ali Baş Komandanın etimadını daim doğruldur. Belə ki, Prezident İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ildən bu günə qədər hərbi xərclər 15 dəfədən çox artırılıb, ordu ən müasir silah və texnika ilə təchiz olunub, müdafiə sənayesi formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb, ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəldilib. Həmçinin bu illər ərzində hərbçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılıb və Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub.

Tacir SADIQOV,

"Respublika".