“Xarici təsirin şəffaflığı haqqında
Siyasət

“Xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı dalğa effekti

Qərbin nəzərində Gürcüstan Qafqaz regionunun mürəkkəb geosiyasi mənzərəsində əsas oyunçulardan biridir. Onun Avropa və Asiya arasında yerləşməsi, ölkəni Şərq və Qərb arasında nüfuz uğrunda döyüş meydanına çevirib. Gürcüstanda təsir imkanlarını itirmək təhlükəsi Qərb dövlətlərini hətta bu ölkənin daxili işlərinə qarışmağada vadar edib.

Tbilisidə Gürcüstan parlamentinin qarşısında "Xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı etiraz aksiyaları 10 gündən çoxdur ki, davam edir.

Nümayişçilər aksiyada əllərində "Rusiya qanunlarına yox", "Rusiyaya yox, Avropaya hə" şüarları yazılmış plakatlar tutublar. Əraziyə toplaşanlara Gürcüstan və Avropa İttifaqının bayraqları da təqdim olunub. Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanında polislə etirazçılar arasında toqquşma baş verib.

Qeyd edək ki, mayın 1-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ikinci oxunuşda, uzun sürən müzakirələrdən sonra 83 səs lehinə, 23 səs əleyhinə olmaqla qəbul edib. Qanun layihəsi yaxın iki həftə ərzində yekun 3-cü oxunuşa təqdim ediləcək. Əgər ölkə prezidenti qanuna veto qoyarsa, dörd həftə ərzində prezidentin vetosu ləğv olunacaq. Xatırladaq ki, sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları və mətbuat orqanlarının xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrinin doldurulmasını nəzərdə tutur.

Bu məsələ, xüsusən də, ABŞ-ı xeyli narahat edir. Belə ki, Gürcüstan hökumətinin bu kimi fəaliyyətləri məhdudlaşdırmaq istəməsi rəsmi Vaşinqtona sərf etmir. Çünki bu ehtimal, ABŞ-ın siyasi manipulyasiya və təsir üçün istifadə etdiyi alətlərin sıradan çıxması deməkdir. Bu səbəbdən də Qərbin rəhbərliyilə Gürcüstan növbəti daxili xaosun içinə çəkilir.

ABŞ-ın Gürcüstanın daxili işlərinə qarışması ilk hadisə deyil. Sovet İttifaqının dağılmasından, Gürcüstanın müstəqillik əldə etməsindən sonra ABŞ regiona getdikcə daha çox müdaxilə etməyə başlayıb. Çünki rəsmi Vaşinqton bu ölkəni Avropa və Asiyanın kəsişməsində yerləşdiyinə, həmçinin enerji resurslarına görə strateji əhəmiyyətli bölgə hesab edir. ABŞ-ın Gürcüstana müdaxiləsinin ən diqqətçəkən nümunələrindən biri 2003-cü ildə qızılgül inqilabının baş verməsidir. Prezident Eduard Şevardnadzenin devrilməsi ilə nəticələnən bu hərəkat ABŞ da daxil olmaqla Qərb hökumətlərindən dəstək alıb. ABŞ E.Şevardnadze hökumətini korrupsioner və qeyri-demokratik hesab edib. Qızılgül inqilabı Gürcüstanda daha qərbyönümlü və demokratik liderlik qurmaq üçün bir fürsət kimi görünürdü. İnqilabdan sonra ABŞ Gürcüstana əhəmiyyətli maliyyə yardımı göstərib və onun "demokratik institutlarını" gücləndirmək, "iqtisadi inkişafı" təşviq etmək, NATO və Avropa İttifaqı kimi Qərb institutlarına inteqrasiya olunmaq səylərini dəstəkləyib. ABŞ burada da, Gürcüstanın suverenliyi və sabitliyi bahasına öz geosiyasi maraqlarını güdüb.

ABŞ daim öz strateji maraqlarını irəli sürməyə çalışıb. Birləşmiş Ştatlar təkcə Gürcüstanda deyil, bütün dünyada, xüsusən də soyuq müharibədən sonrakı dövrdə müxtəlif rəngli inqilablarda yaxından iştirak edib. Qeyri-zorakı və çox vaxt kortəbiiliyilə səciyyələnən bu inqilablar bir çox ölkədə "demokratik idarəçiliyi" təşviq etmək adı altında Qərb maraqlarını inkişaf etdirmək üçün əhəmiyyətli siyasi dəyişikliklərə səbəb olub. Gürcüstan, Ukrayna, Qırğızıstan kimi bir çox ölkədəki "rəngarəng" inqilablar xarici müdaxilə və manipulyasiyanın nümunələridir. Qərb gücləri, xüsusən də Amerika Birləşmiş Ştatları öz geosiyasi maraqlarını inkişaf etdirmək üçün mövcud narazılıqlardan istifadə ediblər ki, bu da əksər hallarda həmin ölkələrdə sabitlik və suverenliyə zərbə vurub.

Gürcüstan hökumətinin "qrant agentliyi"nin fəaliyyətini məhdudlaşdırmaq cəhdləri ABŞ və Qərbdə daha geniş geosiyasi debatları alovlandırıb. Bu narahatlıqlar hökumətin agentliyin fəaliyyətini məhdudlaşdırmağa müvəffəq olacağı təqdirdə, daha da artacaq. Gürcüstandakı qərbyönümlü müxalifət Qərbin ölkədə nüfuzunu saxlamaq üçün hərəkətə keçib. Xarici müdaxilə və daxili gərginliyin artmaqda davam etdiyi bir vaxtda Gürcüstanda "məxməri inqilab" ehtimalı ortaya çıxır. Geniş yayılmış iğtişaş və siyasi təlatümlər ehtimalı regionun sabitliyinə ciddi problem yaradır.

Cənubi Qafqazın taleyi, iki regional dövləti olan, Ermənistan və Gürcüstanın Qərblə münasibətlərinin mürəkkəb dinamikası səbəbindən təhlükə altındadır. Hər iki ölkə dəstək və tərəfdaşlıq vədlərinə aldanaraq Qərblə daha sıx əlaqələr qurmağa çalışıb. Bununla belə, vəziyyətin daha mürəkkəb olduğu sübuta yetirilib. Xüsusilə də, Ermənistan ABŞ-la daha sıx əlaqələr qurmaq istəyi səbəbindən uçuruma doğru addımlayanlar siyahısında ilk yerlərdədir. Rəsmi İrəvanın Qərbdən gələn göstərişləri yerinə yetirməsi onun Rusiya ilə münasibətlərini daha da gərginləşdirib. Ermənistan qlobal güclər, xüsusən də ABŞ və Rusiya arasında maraqları üçün rəqabət apardıqları döyüş meydanına çevrilib. Artan gərginlik və hakimiyyət uğrunda mübarizə regionda daha böyük kataklizmlər və qeyri-sabitliklə bağlı narahatlıqları artırıb. Təbii ki, Gürcüstanın Qərbin vədləri ilə bağlı təcrübəsi hər kəsə bəllidir.

Cənubi Qafqazdakı proseslər isə nədənsə hər dəfə ABŞ-ın narahatlığına səbəb olur. Hər hadisə də Vaşinqtonda böyük əks-səda verir. Bəlkə də, "qoca qitə" hər tərəfdən su ilə əhatə olunduğundan "dalğa effekti"ni daha tez hiss edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".