Sosial rifah, insan amili, vətəndaş məmnunluğu
Sosial həyat

Sosial rifah, insan amili, vətəndaş məmnunluğu

2020-ci il tarixə Azərbaycanın Zəfər ili kimi yazıldı. İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə daha yaxşı dəstək verilməsi üçün göstərilən qayğı daha da gücləndirildi. Şəhid ailələrinin təqaüdü 500, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400, 2-ci qrup əlillərin təqaüdü 350, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırıldı. Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata qədər yüksəldildi. Vətən Müharibəsi Qəhrəmanlarına Prezident təqaüdü təsis olundu və məbləği 2000 manat müəyyənləşdirildi. Ölkəmizin iqtisadi və maliyyə imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, bütün təbəqələrdən olan vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən tədbirlərin davamlı olmasını təmin edir.

Dövlət başçısı İlham Əliyev hər zaman sosial siyasətin davamlı olacağını bildirir və bu qayğı Fərman və sərəncamlarda öz əksini tapır. Elə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də sosial təminat sisteminin daha effektiv və ədalətli olması üçün aşağıgəlirli, yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi nəzərdə tutulur.

Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğləri artırılır, sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin edilir. Azərbaycan sosial dövlət imicini qoruyur və ona yeni əlavələr edir. Məqsəd ölkəmizi daha da gücləndirmək, əhalinin sosial müdafiəsini təmin etmək, "güclü dövlət, yüksək rifah" prinsipini həyata keçirilən siyasətin əsası kimi diqqətdə saxlamaqdan ibarətdir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətinin əsasında insan amilinin dayandığını bildirir: "Bizim siyasətimizin mərkəzində insan amili dayanır. Bizim siyasətimiz sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar, ilk növbədə, insanların rahat yaşamasına yönəldilibdir".

Bəli, Azərbaycan dövləti hər zaman xalqının yanındadır, təbii fəlakətlər, sel daşqınları və digər təbiət hadisələrində zərər çəkmiş vətəndaşların ehtiyaclarının qarşılanması yönündə təxirəsalınmaz işlər görülür. Əhalinin rifah halının, sosial-maddi durumunun yüksəldilməsi istiqamətində görülən işlər intensivləşdirilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə infrastrukturun bərpası və yenidən qurulması, sosial obyektlərin tikintisi, kənd və qəsəbələrin qazlaşdırılması və digər tədbirlər sakinlərin rahatlığını təmin edir.

Dövlətin sosial sahədə gördüyü işlər sırasında gənclər siyasəti də mühüm yer tutur. Belə ki, gənclərin elmdə, təhsildə, dövlət idarəçiliyində və digər sahələrdə önə çəkilməsi, onların bacarıqlarını gerçəkləşdirmək imkanları insan amilinə verilən qiymətin daha bir göstəricisidir. Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi fonunda bilikli, bacarıqlı, cəmiyyətə yararlı vətəndaşların özlərinə layiqli yer tutmasına diqqət artırılıb. Sadalanan işlərin görülməsi və iri layihələrin ardıcıl xarakter alması isə təbii ki, böyük miqdarda vəsait tələb edir. Ölkəmizin iqtisadi inkişafı, artan maliyyə imkanları isə ən iri layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Bu layihələrin icra edilməsi əhalinin rifah halında öz əksini tapır.

Dövlət başçısının növbədənkənar prezident seçkilərində möhtəşəm qələbəsinin əsasında duran amillərdən biri də məhz budur: insan amili, insan kapitalı, vətəndaş məmnunluğu. Bu baxımdan, prezident seçkilərindən sonra dövlət başçısının ünvanına gələn təbrik məktublarında da bu amilin xüsusi vurğulanması heç də təsadüfi deyil. Məsələn, Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayevin məktubunda deyilir: "Bu qələbə əhalinin rifahının yüksəlməsinə, sosial təminatının gücləndirilməsinə, eləcə də bir çox digər önəmli məsələlərə istiqamətlənən islahat proqramlarınızın xalq tərəfindən dəstəklənməsinin kulminasiya nöqtəsidir. Siz dövlət başçısı vəzifəsində nəhəng işlər görmüsünüz və Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizi davam etdirirsiniz".

Deyilənlər bir daha onu göstərir ki, ölkə Prezidenti hər bir vətəndaşının yanında olmaqla yanaşı, onların sosial müdafiəsini gücləndirməyi həmişə diqqətdə saxlayır. Həyata keçirilən sosial islahatlar əhalinin aztəminatlı hissəsindən tutmuş fiziki məhdudiyyətli şəxslərə, müharibə əlillərinə, veteranlarına, məcburi köçkünlərə, şəhid ailələrinə, eləcə də bu təbəqədən olan digər vətəndaşlara qədər böyük bir qrupu əhatə edir. Sözsüz ki, güclü vətəndaş güclü dövlət deməkdir. Ölkəmizdə insan amilinə yüksək dəyər verilir, vətəndaş məmnunluğu təmin olunur. Özünə diqqət və qayğının şahidi olan, onu hiss edən Azərbaycan vətəndaşı öz Prezidentinin ətrafında sıx birləşərək qələbədən-qələbəyə doğru gedir, qarşıdan gələn hər ilin daha möhtəşəm, uğurlu olacağına inanır. Dövlət başçımız çıxışlarının hər birində vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etdiyini vurğulayır, iqtisadi tərəqqinin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalı olduğunu qeyd edir. Bu gün ölkədə həyata keçirilən sosial islahatların əsas fəlsəfəsi də məhz elə bundan ibarətdir.

Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarda aparılan bərpa-quruculuq işlərində də vətəndaşlara nümunəvi xidmət amili əsas götürülür. Yeni texnologiyalar əsasında "ağıllı kənd"lərin, müasir evlərin, sosial-məişət obyektlərinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikilməsi də öz dədə-baba yurdlarına qayıdan insanların rahat, təhlükəsiz həyat şəraitinin təmin edilməsini göstərir. Dövlət başçısı İlham Əliyev fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimində deyib: "...Eyni zamanda bizim əsas məqsədimiz torpaqların azad edilməsi idi və o vaxt köçkünlərlə çoxsaylı görüşlər əsnasında deyirdim ki, bu şərait yaradılır, bu şərait yaxşıdır, - çadır şəhərcikləri, bilirsiniz ki, sonuncusu 2007-ci ildə ləğv edildi, - ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük". Bir sözlə, vətəndaş amili ölkəmizin dövlət siyasətinin əsasında durur və Azərbaycanda güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modeli prioritet seçilib.

Zümrüd QURBANQIZI,

"Respublika".