Döyüşə yalnız mərd oğullar gedir
Sosial həyat

Döyüşə yalnız mərd oğullar gedir

İkinci Qarabağ müharibəsində şəhadəti ilə tarix yazan qəhrəmanlardan biri də Vüsal Aslan oğlu Məhərrəmovdur. Qanı bahasına torpağı Vətən edən bu igid qartal balası 1979-cu ildə Masallının Hişkədərə kəndində dünyaya gəlib. Həyatı dərk edən gündən Tanrının bəxş etdiyi ömrünü doğma Azərbaycana qurban verməyi özünə şərəf bilən Vüsal Vətən torpaqlarının azadlığı uğrunda savaşda bu missiyasını yerinə yetirir. Və nəticədə bir ilahi sevgidən yaranan möhtəşəm şəhidlik səadəti onu elə Vətən səmasının əbədi parlaq günəşinə çevirir.

Ata ocağında təmiz adı ilə böyüyən Vüsal kənd məktəbini əla qiymətlərlə bitirib indiki Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olur. Tələbəlik illərində oxuyub öyrənmək həvəsi, bacarığı, qabiliyyəti, saf əqidəsi ona böyük hörmət qazandırır. Zəngin, şərəfli həyat yolunun ilk pilləsi belə qoyulur və xalqına fayda vermək əzmi, qətiyyəti ona xoşbəxt gələcəyin ünvanını göstərir.

Vüsal ali təhsilini başa vurur. 2003-cü ildə Naxçıvanda leytenant rütbəsində doğma Azərbaycana xidmət edir. Xidmət zamanı nümunəvi hərbçi olaraq zabitlərin, əsgərlərin arasında böyük nüfuz sahibi olur. Həm də leytenant Vüsalın şəxsi keyfiyyətləri hərbi hissədə hamının qəlbində Vətənə məhəbbət, cəsurluq, kişilik, düşmənə nifrət hissi yaradır.

Vətən müharibəsində Vüsal Məhərrəmov Füzuli, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına iştirak edir. Noyabrın 6-sı Daşaltı kəndində, Şuşa uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını ön xətdən çıxaran igid leytenantımız dördüncü əsgəri xilas etməyə çalışan zaman düşmən gülləsinə tuş gəlir.

Vüsal Məhərrəmov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeninə, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

Hişkədərə kəndi, el-obası isə fəxr edir, öyünür ki, Azərbaycana Vüsal kimi günəş ömürlü qəhrəman bir oğul bəxş edib.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.