Xidmətin səmərəlilik və operativliyi artırılır
Gündəm

Xidmətin səmərəlilik və operativliyi artırılır

Qüdrətli Azərbaycan dövlətinin, müstəqil dövlətçiliyimizin ən mühüm dayaqlarından Azərbaycan polisinin yaranmasının 105 yaşı tamam olur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə 2 iyul 1918-ci ildə yaradılan Polis bölüyü, 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsində ön sıralarda olmuşdur.

Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.

18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren ölkəmizin Daxili İşlər Nazirliyi kimi fəaliyyətini davam etdirir. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunaraq, onun funksiya və vəzifələri dəqiqləşdirilmişdir. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə ölkəmizdə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir". Məhz ulu öndərin dahiyanə siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində, polis müstəqil Azərbaycanın dövlətçlik tarixində sabitliyin, ictimai rifah və ictimai təhlükəsizliyin qarantına çevrildi.

Müstəqilliyimizin bərpasından əvvəl və sonra həm daxili, həm də xarici qüvvələrlə intensiv mübarizədə Azərbaycan polisinin rolu əvəzsiz olmuşdur. Onlar xüsusi şücaət göstərmiş, Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişlər. 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər isə yaralanmışdır. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülmüşdür.

Qəhrəman Azərbaycan polisi ərazi bütövlüyü və suverenliyimiz uğrunda gedən mübarizədə də xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçusu şəhid olmuş, 60-dan çox daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 nəfər "Azərbaycan Bayrağı" ordeni, 247 nəfər isə müxtəlif orden və medallarla təltif edilmişdir.

Polisin fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin: "Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm" sözləri Azərbaycan polisinin xidməti vəzifələrini layiqincə yerinə yetirməsinə verilən ən yüksək qiymətdir.

Şübhəsiz ki, hər bir peşənin fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polislərin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polisin xidmətində istirahət anlayışı bəzən unudulur.

Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, "qaynar xətt" və digər informasiya resursları yaradılıb, polisin "ASAN xidmət" mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırır.

Maddi-texniki bazası, ictimai sabitliyin, hüququn qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan Azərbaycan polisi vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə imkan verir.

Nurlan ABDALOV,

"Respublika".