Minasız ərazilər əsas hədəfimizdir
Siyasət

Minasız ərazilər əsas hədəfimizdir

Ermənistan hələ 30 illik işğal dövründə torpaqlarımızda 1 milyondan çox mina basdırıb. Müharibə bitsə də, onun ağır fəsadları hələ də davam edir. İkinci Qarabağ savaşı nəticəsində torpaqlarımız düşməndən təmizlənsə də, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması ciddi əngəl olaraq qalır.

Məhz sözügedən problemin aradan qaldırılması üçün müvafiq qurumlar minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində təqdirəlayiq addımlar atırlar. Müharibədən üç ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfinin basdırdığı minalar həm mülki əhali, həm də ətraf mühit üçün təhlükə törədir. Tərtər, Xaçın, Qarqar və Həkəri çayları vasitəsilə axıdılan təhlükəli minaların, partlayıcı qurğuların Azərbaycanın təkcə müharibədən zərərçəkmiş ərazilərində deyil, cəbhə bölgəsindən uzaqlarda da aşkarlanması bunu bir daha təsdiq edir.

Xatırladaq ki, hələ Birinci Qarabağ müharibəsi dövründə qəsbkarların mina terroru geniş vüsət almağa başladı. 30 ilə yaxın bir dövr ərzində torpaqlarımızda hərbi istehkamlar quran ermənilər ölüm tələsini demək olar ki, bütün ərazimizə yaydılar. Təkcə işğaldan azad edilən ərazilərdə 340-dan çox insan Hayastanın qurduğu ölüm tələsinə düşüb. Hətta elə ərazilərimiz var ki, burada bir kvadratmetrdə piyada əleyhinə 6-8 minaya rast gəlinir. Ermənistan tərəfinin törətdiyi bu əməllər beynəlxalq hüququn norma və prinsiplərini ciddi şəkildə pozur. Məsələn, 1999-cu il Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Eyni zamanda konvensiyada əraziləri minalamış tərəfin müharibə bitdikdən sonra dəqiq mina xəritəsini qarşı tərəfə verməli olduğu da sənəddə öz əksini tapıb. Əfsuslar olsun ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan hökuməti bu məsuliyyətdən də boyun qaçırır. Hayastan bu cür mövqe sərgiləməklə 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini də kobud şəkildə pozur.

Qeyd edək ki, bu yaxınlarda rəsmi İrəvan müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə də çıxış edirdi. Lakin onlar tərəfindən təqdim edilmiş formulyarlar işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etmir. Bu isə rəsmi İrəvanın humanitar qaydaları kobud şəkildə pozmasının növbəti təzahürüdür. Əfsuslar olsun ki, bu gün beynəlxalq güclər bu haqsızlığı gözardı edirlər. Amma hazırda Azərbaycan və Ermənistan arasında baş tutan görüşlərin, rəsmi Bakının iradəsi ilə müsbət irəliləyişlərə şahidlik edirik.

Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə aparılan minatəmizləmə işlərinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 22-dən 28-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı ictimaiyyətə açıqlayıb. Bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 100 mina və 380 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ötən həftə ərzində 1245 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Dövlətimiz problemlə bağlı bir sıra xarici ixtisaslaşmış qurumlarla da əməkdaşlıq edir. Rəsmi Bakı minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində qiymətləndirir. Bu baxımdan, dövlətimiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyənləşdirib. Bir məqamı da qeyd edək ki, Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Dünyada baş verən münaqişələr və mina fəsadlarının artması fonunda ölkəmiz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Eyni zamanda 4 il ərzində sədrlik etdiyimiz Qoşulmama Hərəkatı çərçivəsində də Azərbaycanın təklifi ilə humanitar minatəmizləmə və əlaqəli məsələlərdə məsləhətləşmə və praktiki əməkdaşlıq üzrə Təmas Qrupunun yaradılması razılaşdırılıb.

Nurlan ABDALOV,

"Respublika".