Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Gündəm

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib. Əvvəlcə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2024-cü il tarixli iclas protokolu yekdilliklə qəbul edilib. Sonra bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı və Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarına dair çıxışlar olub.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, bəzi seçki dairələrinin məntəqələrinin hüdudlarında dəyişiklik etməyə əsaslar yaranıb: "1 saylı Şərur-Sədərək, 32 saylı Suraxanı 2-ci, 67 saylı Sabirabad, 71 saylı Cəlilabad şəhər, 97, 103, 113, 117, 123 və 124 saylı seçki dairələri üzrə tədbirlər görülməsinə ehtiyac yaranıb. Bunun yaranmasına rəvac verən əsas məqam ölkə üzrə həyata keçirilən monitorinqlərdir. Bu seçicilərin rahatlığı üçündür. Respublikanın müxtəlif bölgələrini əhatə edən dairələrdə məntəqələrlə bağlı iş aparılmalıdır. Həyata keçirilən monitorinqlər zamanı 24 seçki dairəsi üzrə 50-dən çox məntəqədə seçicilər üçün maksimum şərait yaradılmasına qərar verilib". İclasda həmçinin 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə üç siyasi partiyanın, Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçici siyahılarının dəqiqləşməsi ilə bağlı işlər yekunlaşmalıdır. Qeyd olunub ki, MSK seçici siyahılarının dəqiqləşdirilməsini mütəmadi aparsa da, seçkiyə 35 gün qalmışa qədər siyahılar asılmalıdır, 25 gün qalmışa qədər də yoxlanmalı və düzəlişlər edilməlidir. Bununla yanaşı, Məzahir Pənahov öz çıxışında bildirib ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərini izləmək üçün 30-a yaxın təşkilata dəvət göndərəcək. Sədrin sözlərinə görə, seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır: "Müşahidəçilərə maneçilik yaradılması halı olmamalıdır. Ötən seçkilərdə müşahidəçilik edən şəxslərə dəvətlər hazırlamışıq. Təxmini 30-a yaxın təşkilata dəvət göndəriləcək".

Son olaraq, MSK-nın sədri işğaldan azad edilmiş ərazilərdə və Naxçıvandakı seçki məntəqələrinin lazımi vasitələrlə təmin edilməsinin xüsusi diqqətdə saxlanılmalı olduğunu qeyd edib.

Tacir SADIQOV,

"Respublika".

MSK-nın 2 iyul 2024-cü il tarixli iclasının qərarlarının tam mətni ilə www.respublika-news.az saytında tanış ola bilərsiniz.