2022-ci ildə əldə olunan hərbi uğurlar 2023-cü il üçün inkişafın Yol xəritəsidir
Siyasət

2022-ci ildə əldə olunan hərbi uğurlar 2023-cü il üçün inkişafın Yol xəritəsidir

Azərbaycan Ordusu Qafqazın ən qüdrətli, dünyanın ən güclü ordularından biridir

Yüksək döyüş hazırlığı, dəmir nizam-intizam, 5-ci nəsil yüksək texnoloji silahlar və əlbəttə ki, hərbi qulluqçularımızın vətənpərvərliyi və milli ləyaqəti Vətən müharibəsində Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.

Ordumuzun əsgər və zabitləri doğma torpaqlarını qarış-qarış düşmən tapdağından geri aldılar və bu gün də düşmənin aramsız təxribatlarının qarşısını alaraq sərhəddə xidmətdədirlər.

Azərbaycan Silahlı Qüvvələri dövlətin təhlükəsizliyinin dayağı və sabitliyinin təminatçısıdır. Ordumuzun cəsur əsgər və zabitləri üçün doğma torpaqlarımızın, dövlətçiliyimizin müdafiəsi yüksək vətənpərvərlik məktəbi və vətəndaşlıq borcudur.

Sovet dövründə, 1969-cu ilə qədər ittifaq rəhbərliyi Azərbaycanda hərbi kadrların hazırlanmasına çox qərəzli yanaşırdı. Həmin dövrdə Azərbaycan SSR-dən hər çağırışda orta hesabla 60 minə yaxın gənc hərbi xidmətə göndərilmiş və onların böyük əksəriyyəti tikinti batalyonlarında xidmət keçmişdi. Azərbaycanda barmaqla sayılası qədər zabit var idi.

Milli zabit kadrlarının hazırlanması yalnız ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra gündəmə gəldi. Hərbi təhsilin inkişafına və milli ordu üçün zabit kadrlarının hazırlanmasına böyük əhəmiyyət verən Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbinə və Bakı Ali Hərbi Dənizçilik Məktəbinə, SSRİ-nin digər hərbi təhsil müəssisələrinə güzəştli şərtlərlə qəbul edilməsinə nail oldu. Ümummilli liderimizin səyləri nəticəsində 1970-ci illərin əvvəllərində Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı.

Beləliklə, Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etməzdən 20 il əvvəl ulu öndər Heydər Əliyev milli hərbi kadrların ən yüksək səviyyədə hazırlanması üçün lazımi təməl yaratmışdı. Bu hərbi məktəb dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ordusunun dirçəlişi üçün güclü bazaya çevrildi.

1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev müasir, güclü Azərbaycan ordusunun formalaşdırılmasında yeni mərhələnin başlanğıcını qoydu. Ulu öndərin tarixi fəaliyyəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün sahələrdə, o cümlədən ordu quruculuğu sferasında da uğurla davam etdirilir. Hərbi sahəyə büdcədən ayrılan vəsaitlərin dəfələrlə artırılması, müasir silahların alınması, hərbi kadrların peşəkarlığının yüksəldilməsi sayəsində hazırda Azərbaycan ordusu dünyanın ən qüdrətli ordularından biridir.

Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığının ən parlaq göstəricisi gücümüzü və qüdrətimizi bütün beynəlxalq birliyə nümayiş etdirərək dünyanın hərb tarixinə XXI əsrin müharibəsi kimi daxil olmuş 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. Bu gün dünyanın qabaqcıl ölkələrinin hərbi məktəblərində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatı öyrənilir.

İkinci Qarabağ müharibəsində hərbi əməliyyatlar Azərbaycan ordusunun istər silah-sursat, istərsə də şəxsi heyət baxımından tam üstünlük təşkil etdiyi bir şəraitdə gedirdi. Pilotsuz uçuş aparatlarından peşəkarlıqla istifadə edilməsi nəticəsində düşmənin strateji əhəmiyyətli hərbi texnika - raket kompleksləri, zenit-raket kompleksləri, tanklar, zirehli texnika, eləcə də komanda məntəqələri və erməni faşistlərinin çoxlu sayda canlı qüvvəsi məhv edilib.

44 gün ərzində Azərbaycan ordusu hər gün parlaq Qələbəyə doğru irəliləyir, şəhərləri, kəndləri, qəsəbələri, yüksəklikləri azad edirdi. Azərbaycan əsgər və zabitləri öz doğma torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mərdliklə döyüşərək tarixi ədaləti bərpa etməyə nail oldular. Möhtəşəm Qələbə Paradı Azərbaycan dövlətinin hərbi-siyasi qüdrətini, xalq-iqtidar birliyini, vətəndaşlarımızın iradəsini, əsgər və zabitlərin yenilməz döyüş ruhunu, rəşadətini, Vətənə bağlılığını nümayiş etdirdi.

Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanında dayanaraq, qürur hissini Azərbaycan xalqı ilə bölüşüb.

Bu da təsadüfi deyil. Azərbaycan 44 günlük Vətən müharibəsinin ilk günlərindən Pakistanla yanaşı, Türkiyənin güclü siyasi və mənəvi dəstəyini hiss edirdi. Türkiyə Prezidenti müharibənin ilk saatlarından Azərbaycanın haqq işini dəstəklədi, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman onun yanında olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, xalqlarımızın birliyinin, qardaşlığının ən bariz təzahürüdür. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Silahlı Qüvvələri ilə birgə Azərbaycan Ordusunun keçirdiyi çoxsaylı təlimlər əsgər və zabitlərimizin peşəkarlığının daha da yüksəldilməsinə, Silahlı Qüvvələrimizin daha da güclənməsinə səbəb olmuşdur.

Azərbaycan öz hərbi potensialını gücləndirməkdə davam edir, ordumuzun döyüş qabiliyyəti durmadan artır. Çünki hər bir güclü dövlətin, ilk növbədə döyüşə hazır qüdrətli, peşəkar Ordusu olmalıdır.

Xalqımız respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi qarşısında baş əyərək gücü, rəşadəti, əyilməzliyi bütün dünyaya sübut olunmuş Silahlı Qüvvələrimizlə fəxr edir. Hərbi arsenalında ən müasir 5-ci nəsil silahlara sahib olan Azərbaycan Ordusu daim dövlətçiliyimizin, torpaqlarımızın keşiyində Qalib Ordu kimi qürurla dayanacaq!

Emin QASIMOV,

"Respublika".