Ekspert: “Yeni mövsümdən qismən də olsa tıxacları yaradan subyektiv səbəblər aradan qaldırılacaq”
Gündəm

Ekspert: “Yeni mövsümdən qismən də olsa tıxacları yaradan subyektiv səbəblər aradan qaldırılacaq”

“Bakı şəhərində tıxacların qarşısının alınması məqsədilə tədbirlər planının hazırlanması ilə bağlı Baş nazirin sədrliyi ilə bu il ərzində iki dəfə iclas keçirilib. Həmin iclasda müvafiq qurumların rəhbərləri də iştirak ediblər. İclasda tıxacların azaldılması ilə bağlı konkret təkliflər olub və ümid edirik ki, yeni mövsümdən artıq bu plan işə düşəcək və qismən də olsa tıxacları yaradan subyektiv səbəblər aradan qaldırılacaq”.

Bu sözləri “Respublika”ya verdiyi açıqlamada nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.

Ekspert qeyd edib ki, Bakı həm paytaxt, həm də iri sənaye şəhəri olduğuna görə tıxaclara tamamilə qalib gəlmək mümkün deyil: “Bakıda əhali sayı çoxdur. Bir çox həm dövlət qurumları, həm də biznes mərkəzləri Bakı şəhərində cəmləşib. Xüsusən də mərkəzi hissələrində. Həmçinin Bakı şəhərinin mədəni həyatı da olduqca zəngindir, tədbirlər tez-tez burada olur. Ona görə tamamilə tıxaclara qalib gələ bilməyəcəyik. Amma bildiyimiz kimi, tıxacların obyektiv və subyektiv yaranma səbəbləri olur. Bu subyektiv səbəbləri aradan qaldırmaq mümkün olacaq”.

Töhfə SƏMƏDOVA,

“Respublika”.