Dövlətə, xalqa layiqli qulluq
Siyasət

Dövlətə, xalqa layiqli qulluq

Azərbaycanda dövlət qulluğu Ulu Öndər Heydər Əliyevin 2000-ci ildə təsdiq etdiyi və 2001-ci ilin sentyabrında qüvvəyə minmiş "Dövlət qulluğu haqqında" Qanunla tənzimlənir. Qanun qəbul edildikdən sonra ölkəmizdə müasir dövlət qulluğu ənənələri təşəkkül tapmışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Dövlət qulluqçularının fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsipləri və bu günün tələbləri baxımından onların qarşısında duran vəzifələri Prezident İlham Əliyev daha da genişləndirmiş və konkretləşdirmişdir.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə çevik idarəetmə strukturunun yaradılması, təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi, dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. 1998-ci il dekabrın 29-da ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasında dövlət sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradılmış və komissiya dövlət idarəetməsində səmərəliliyin artırılmasında, cəmiyyətin demokratikləşməsində mühüm rol oynamışdı.

Dövlət başçısı çıxışlarında dövlət qulluğunun mahiyyətini, məzmununu və dövlət qulluqçularının qarşısında qoyulan əsas tələbləri aydın göstərir: "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nı qeyd etmək lazımdır.

Strategiya dövlət idarəetməsinin mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən sənəddir. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Respublikamızda dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.

2024-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olmuşdur ki, onların da 29,7 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 4,6 faizi 1 ilədək, 25,4 faizi 1 ildən 5 ilədək, 22,5 faizi 5 ildən 10 ilədək, 19,3 faizi 10 ildən 15 ilədək, 28,2 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. 2023-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933,3 manat təşkil etmişdir.

Dövlət qulluqçuları ümummilli lider Heydər Əliyevin qurduğu və Prezident cənab İlham Əliyevin inkişafına nail olduğu respublikamızın möhkəmlənməsi, eləcə də inkişafı naminə öhdəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməli, daşıdığı şərəfli adı yüksək tutmalı, işi, əməli ilə dövlətə, xalqa layiqincə qulluq etməlidirlər.

M.MİRZƏ,

"Respublika".