Seysmoloji Xidmət Mərkəzi: Təşvişə düşməyə əsas yoxdur
CƏMİYYƏT

Seysmoloji Xidmət Mərkəzi: Təşvişə düşməyə əsas yoxdur

Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində maqnitudası 5 olan zəlzələ baş versə də, vətəndaşların bundan təşvişə düşməsinə əsas yoxdur.

"Respublika" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin məlumatında deyilir: “Ölkəmizin ərazisi seysmik fəal bölgədir. Cənub zonası, əsasən də Talış dağlıq bölgəsi seysmik ərazidir. Ona görə də bölgədə vaxtaşırı hiss olunan zəlzələlər baş verir. Belə hallar seysmik zonalar üçün xarakterikdir. Maqnitudası 5 və 5-dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması baş verir. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Ona görə də vətəndaşları təmkinli olmağa və yalnız rəsmi məlumatları izləməyə çağırırıq”.